Gürcüstan azərbaycanlıları beynəlxalq ictimaiyyətə müraciət edib

Ermənistanın 12 sentyabr 2022-ci il tarixində Azərbaycana qarşı törətdiyi genişmiqyaslı təxribatla əlaqədar Gürcüstan azərbaycanlılarının icma təşkilatları və ziyalıları ölkə hakimiyyətinə və beynəlxalq ictimaiyyətə bəyanat ünvanlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan Prezidentinə, Baş nazirinə, xarici işlər nazirinə və bu ölkədəki beynəlxalq təşkilatlara ünvanlanan bəyanatı 60-dan çox təşkilat rəhbəri və ziyalılar imzalayıb. Bəyanatda dünyanın müxtəlif ölkələrində yaşayan və fəaliyyət göstərən Azərbaycan icmasının üzvlərinin Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarına rəsmi İrəvan tərəfindən növbəti zərbə vurulmasından dərin narahatlıq hissi keçirdiyi vurğulanıb, beynəlxalq birlikdən Ermənistanın təcavüzkarlıq siyasətinin qarşısının alınması üçün işğalçı dövlətə qarşı təzyiqlərin gücləndirilməsi istənilib.

“Təəssüf hissi ilə vurğulayırıq ki, Azərbaycanın təşəbbüsü ilə iki ölkə arasında başlanan sülhyaratma prosesinə Ermənistanın təxribatla cavab verməsi ilk dəfə deyil. Ermənistanın nizamlama prosesini müxtəlif bəhanələrlə ləngitməsi, Azərbaycanın irəli sürdüyü 5 təklifdən ibarət sülh təkliflərini qəbul etdiyini elan etməsinə baxmayaraq, beynəlxalq səylərlə aparılan danışıqlarda destruktiv mövqe nümayiş etdirməsi, sülh gündəliyinə qarşılıq verməməsi, üçtərəfli bəyanatlara və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə əldə edilmiş razılıqlara zidd olaraq erməni silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarmaması Ermənistanın sülh prosesində maraqlı olmadığını və prosesə zərbə vurulması məqsədlərini nümayiş etdirir.

Ermənistanda istehsal olunan minaların son zamanlarda Laçın ərazisində yerləşdirilməsi də daxil olmaqla ərazilərin minalanmasının davam etdirilməsi, kommunikasiyaların və nəqliyyat marşrutlarının açılması işlərində Ermənistan tərəfindən yeni şərtlərin irəli sürülməsi yuxarıda qeyd edilənləri bir daha sübut edir”,- deyə bəyanatda vurğulanıb.

Bəyanatda qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq Azərbaycanın gördüyü əks-tədbirlər lokal xarakterli olub, hərbi hədəflərə qarşı yönəlib.

“Biz, dünyanın müxtəlif ölkələrində yaşayan və fəaliyyət göstərən Azərbaycan icmasının üzvləri qətiyyətlə söyləyirik ki, Ermənistanın bu addımları aparılan normallaşma və sülh prosesinə tamamilə ziddir. Azərbaycanın işğaldan azad edilmiş bu ərazilərində genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığı zaman, Ermənistanın təcavüzə yol verməsi bu prosesə hər vəchlə mane olduğunun növbəti bariz göstəricisidir.

Biz bir daha beynəlxalq təşkilatlara, aparıcı qurumlara müraciət edərək dünya birliyindən bu kimi halların bir daha baş verməməsi üçün beynəlxalq hüquq müstəvisində əməli addımların atılmasını, eyni zamanda Ermənistan tərəfinin revanşizm ideyalarına son qoyaraq sülhə dəvət edilməsi istiqamətində səylərin artırılmasını tələb edirik”,- deyə bəyanatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.