Şuşada abidələrin monitorinqinin keçirilməsi qaydası təsdiq edilib

Şuşa şəhəri ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin monitorinqinin keçirilməsi qaydası təsdiq edilib.

APA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Şuşa şəhəri ərazisində yerləşən abidələrin monitorinqi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən həyata keçirilir.

Monitorinqin məqsədi məqsədi mülkiyyətində, istifadəsində və ya icarəsində abidə olan fiziki və ya hüquqi şəxslər tərəfindən abidələrin qorunması və İdarə ilə bağlanılmış mühafizə müqavilələrinin şərtlərinə əməl edilməsi vəziyyətinin yoxlanılmasıdır.

Monitorinq aşağıdakılardan ibarətdir:
– abidələrin vəziyyəti üzərində nəzarətin təmin edilməsi;
– abidələrdə baş vermiş dəyişikliklərin, o cümlədən təbii aşınmanın aşkarlanması;
– abidələrin texniki vəziyyətinin öyrənilməsi;
– abidələrin vəziyyətinin dövri müşahidəsi, o cümlədən əvvəlki monitorinq zamanı aşkar olunmuş dəyişikliklərin müşahidəsi;
– abidələrə təhlükə yaradan bu Qaydanın 4-cü hissəsində nəzərdə tutulan risk faktorlarının müəyyən edilməsi və onların abidələrə təsirinin qiymətləndirilməsi, habelə risk altında olan abidələrin vəziyyətinin müntəzəm olaraq nəzarətdə saxlanılması.

Abidələrə təhlükə yaradan risk faktorları müəyyənləşib.
Abidələrə təhlükə yaradan əsas təbii risk faktorları aşağıdakılardır:
– zəlzələ;
– çay, göl və su anbarlarının daşmasının təsiri;
– eroziya (fiziki, kimyəvi və bioloji);
– sel sularının təsiri;
– torpaq sürüşməsi;
– təbii yanğınlar.
Abidələrə təhlükə yaradan əsas antropogen (insan fəaliyyəti) risk faktorları aşağıdakılardır:
– mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılması nəticəsində geoloji mühitin pozulması;
– bitki örtüyünün məhv edilməsi;
– səs-küy, vibrasiya və ətraf mühitin təbii fiziki parametr- lərinin digər pozuntuları;
– ətraf mühitin çirkləndirilməsi;
– yanğın.
Risk faktorlarının təsirinin təzahürü abidələrin quruluşunda (təməlində, hörgüsündə, divarlarında, tavanlarında, günbəzlərində, damlarında), dekorasiyasında (divar rəsmlərində, digər bəzək elementlərində, fasadlarında), abidə yerləşən ərazinin komponent- lərində baş vermiş və ya baş verə biləcək dəyişikliklər şəklində müşahidə olunur.

Abidələrin monitorinqi zamanı aşağıdakılar qiymətləndirilir:
– abidələrin cari vəziyyəti, saxlanılması, istifadə proqramına riayət olunması və mühafizə vəziyyəti;
– mühafizə məqsədilə abidələrə qabaqlayıcı, konservasiya, bərpa və xüsusi mühafizə dərəcələrinin tətbiq edilməsi və ya mühafizə dərəcəsinin dəyişdirilməsi zərurəti;

– abidələrin texniki vəziyyətinin müəyyən edilməsi və onların təhlükəsizliyi üçün qabaqlayıcı tədbirlərin hazırlanması zərurəti;
– risk faktorlarının abidələrin vəziyyətinə təsiri dərəcəsi;
– abidələrə zərər vurulması aşkar olunduqda və ya abidələrə təhdidlər barədə məlumat əldə edildikdə, müvafiq tədbirlərin görülməsi zərurəti;
– abidələrin qorunmasına dair bağlanılmış mühafizə müqa- vilələrinin şərtlərinin, habelə “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanuna uyğun olaraq verilmiş yazılı göstərişdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi vəziyyəti.

İdarə abidələrin monitorinq proqramını hazırlayır, rəsmi internet saytında yerləşdirir və müntəzəm olaraq yenilənməsini təmin edir.
Monitorinq proqramında aşağıdakı məlumatlar əks olunur:
– abidələrin qısa təsviri;
– ərazinin landşaftı və iqlim şəraiti;
– əvvəllər görülmüş işlər və onların nəticələrinin istifadəsi imkanları;
-hesabat sənədlərinin strukturuna və hazırlanması müddətinə dair tələblər.

Monitorinqin həyata keçirilməsinə dair tədbirlər planı müəyyənləşib.

– İdarə növbəti ilin başlanmasına ən azı 3 (üç) ay qalmış, ictimaiyyətin rəy və təklifləri nəzərə alınmaqla, növbəti il üçün monitorinqin həyata keçirilməsinə dair tədbirlər planını hazırlayıb təsdiq edir, ictimaiyyətin məlumatlandırılması məqsədilə özünün rəsmi internet saytında yerləşdirir və rəsmi dövlət qəzetlərində dərc etdirir.
-Monitorinqin həyata keçirilməsi məqsədilə İdarə tərəfindən komissiya yaradılır. Monitorinqin müşahidələrindən asılı olaraq zərurət yaranarsa, komissiyanın tərkibində mütəxəssislərdən ibarət yardımçı işçi qrup yaradıla bilər.

Bu qaydada nəzərdə tutulan tədbirlər planında aşağıdakı məlumatlar qeyd edilir:
– tədbirlər planını təsdiq edən dövlət orqanının (qurumunun) adı;
– tədbirlər planı üzrə növbəti il üçün monitorinqi aparılacaq abidələrin siyahısı;
– monitorinqin həyata keçirilməsinin başlanılma və bitmə tarixləri;
-monitorinqin həyata keçirilməsi üsulları və vasitələri;
-müşahidələr zamanı aparılmalı olan qiymətləndirmələr;
– qiymətləndiriləcək risk faktorlarının dairəsi;
– monitorinqin aparılması məqsədilə yaradılacaq komissiyanın tərkibi.

Abidələrin monitorinqi plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) qaydada həyata keçirilir.
Abidələrin plan üzrə (növbəti) monitorinqi tədbirlər planına uyğun olaraq ildə 1 (bir) dəfə həyata keçirilir.
Abidələrin qorunması və bərpasına dair təcili və təxirəsalınmaz tədbirlərin görülməsi zərurəti müəyyən edildikdə, monitorinq plandankənar (növbədənkənar) qaydada bu Qaydanın 7.1-ci bəndində nəzərdə tutulmuş tədbirlər planı hazırlanmadan həyata keçirilir.
Monitorinq başlandığı tarixdən etibarən 1 (bir) aydan çox davam edə bilməz.

Monitorinq aşağıdakı üsullarla həyata keçirilir:
– abidələrə məxsus sənəd və məlumatların yoxlanılması;
-abidələrə baxışın keçirilməsi;
– abidələrin ekspertizasının həyata keçirilməsi.
Abidələrin monitorinqi aşağıdakı vasitələrlə aparılır:
-fotofiksasiya da daxil olmaqla, abidənin naturada (yerində) öyrənilməsi;
– vizual ekspert qiymətləndirməsi;
– zondaj və instrumental (alət) ölçmələr;

-laboratoriya tədqiqatları;
– biblioqrafik və arxiv araşdırmaları.
Bu Qaydaya əsasən yaradılmış komissiya abidələrin monitorinqinin həyata keçirilməsi üçün zəruri məlumatlar (sənədlər) barədə dövlət orqanlarına (qurumlarına), yerli özünü- idarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq hüququna malikdir.

Monitorinqin nəticələri əsasında bu Qaydaya əsasən yaradılmış komissiya tərəfindən hesabat tərtib olunur və müvafiq tədbirlərin görülməsi üçün İdarəyə təqdim edilir.
İdarəyə təqdim olunmuş hesabata əsasən abidələrdə hər hansı bir dəyişiklik aparılmasına ehtiyac olarsa, o zaman ictimaiyyətin rəy və təklifləri nəzərə alınmaqla, İdarə tərəfindən təkliflər hazırlanır və müvafiq qərar qəbul olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mədəniyyət sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası”na uyğun olaraq Nazirlər Kabinetinə təqdim edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.