Tovuz və  Daşkəsəndə şəhidlər dəfn edilib – FOTO

Erməni təxribatının qarşısını alarkən şəhid olan 2002-ci il təvəllüdlü müddətdən artıq xidmət edən Turxan Süleymanovun nəşi yaşadığı evə aparılıb.

APA-nın yerli bürosunun məlumatına görə, şəhidin nəşi sonra Daşkəsən Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Gəncə İmamzadə ziyarətgahının imamı Hacı Tahir Abbasov, rayon hüquq-mühafizə orqanları, idarə və müəssisə rəhbərləri, hərbçilər, şəhid ailələri, qazilər, rayon ictimaiyyəti və KİV nümayəndələri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev şəhidin tabutuna bürünmüş Azərbaycan bayrağını onun atası İdris Süleymanova təqdim edib. Dəfndə fəxri qarovul düzülüb, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb

Müddətdən artıq xidmət edən Kənan Nəsibovla Tovuzun Əsrik-Cırdaxan kəndində vida mərasimi keçirilib. Daha sonra 23 yaşlı şəhid doğulub boya-başa çatdığı kənddə torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid və qazi ailələri iştirak edib. Son mənzilə izdiham və hərbçilərin yaylım atəşi ilə yola salınıb. Daha sonra şəhidin tabutunun büküldüyü üçrəngli dövlət bayrağı atasına təqdim edilib.

Senytabrın 13-ü düşmənin Kəlbəcər rayonu istiqamətində törətdiyi genişmiqyaslı təxribatların qarşısını alan Komando snayperi Kənan Nəsibov hərbçi yoldaşları ilə birlikdə əks-həmlə əməliyyatlarında düşmənə qarşı şücaətlə vuruşaraq bir neçə mövqeni işğaldan azad ediblər. Döyüşlərin birində o, dəqiq atəşlə düşmənin iki təminat dolu avtomobilini məhv edib. Növbəti üzbəüz döyüşlərindən birində hərbçimiz aldığı güllə yarasından şəhid olub və nəşi bir neçə gün neytral ərazidə qalıb.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.