Vəkil Elçin Sadıqov tutulduğu gündən aclığa başlayıb

Vəkil Elçin Sadıqov barəsində seçilmiş həbs qətimkan tədbiri qərarından verilmiş apellyasiya şikayəti üzrə bu gün məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Zəki Babayevin sədrliyi ilə keçirilən prosesdə vəkillər müdafiə çıxışı edib. Məhkəmə çıxışında Elçin Sadıqovun vəkilləri bildirib ki, müvəkkilləri həbs olunan gündən aclığa başlayıb.

Daha sonra Elçin Sadıqov çıxış edib.

O və vəkilləri həbs qərarının dəyişdirilməsini istəyiblər. Məhkəmə sentyabrın 17-nə təxirə salınıb.

Xatırladaq ki, Elçin Sadıqov “Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallı ilə birgə həbs olunub.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilib ki, mediada yayımlanmış məlumatlar və cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq daxil olmuş müraciət əsasında aparılmış araşdırma zamanı vəzifəli şəxsin külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Baş Prokurorluğun İstintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

İstintaqla vəzifəli şəxs olan “Xural Yayınları” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Zeynalov Əvəz Tapdıq oğlunun “Baku Steel Company” şirkətinin müşahidə şurasının sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirildiyi cinayət işi üzrə barəsində məhkəmə baxışı davam etdirilən Məmmədov Rasim Hikmət oğlu haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Sadıqov Elçin Əli oğlunun vasitəçiliyi ilə Rasim Məmmədovun yaxınlarından 20.000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış ilkin sübutlara əsasən Zeynalov Əvəz Tapdıq oğlu Cinayət Məcəlləsinin 311.3.3-cü və Sadıqov Elçin Əli oğlu Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilib, sentyabrın 11-də barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.