Vətənin sərhədi yox – Güneydən şeirlər

Kulis.az təbrizli şair Rəsul İsmayılianın şerilərini təqdim edir.

Rəsul İsmayılian 1984-cü il oktyabrın 16-da Təbriz şəhərində dünyaya gəlib. Məktəb təhsilini bitirdikdən sonra elektronika, sonra isə Fars dili və ədəbiyyatı üzrə universitetdə təhsil alıb.

Ədəbiyyat qonusunda “Sabah” dərgisinin baş yazarı, “Aftab Azərbaycan” və “buta” dərgilərinin redaksiya heyətinin üzvü kimi bir çox ədəbi dərgilərlə işbirliyi qurub.

Güney azərbaycanın bir neçə ədəbi dərnəyinin təşkilatçisi olub və bir çox ədəbi programlarda tənqidçi kimi çixiş etmiş.

***

Sevməyin sərhəddi yoxdursa,

nifrətin sərhəddi yoxdursa,

darıxmağın sərhəddi yoxdursa,

Vətənin də sərhəddi yox…

Vətən bir başmaq qədər kiçik

bir düşüncə qədər geniş ola bilər,

sıxıla bilər bir şeir misrasına,

dalğalana bilər bir bayraqda,

yaradıb, öldürə bilərik içimizdə

satılar da,

alınar da,

atılar da,

bir həb kimi…

bir dost kimi…

***

Dilimdə heç başa çatmayan bir mahnı səslənir

bu xiyabanin boyunu addimlayanda,

Sanki keçmişlərdə bu xiyabanı addimlayanlar

yazıb-bəsləmiş bu mahnını…

Sanki addımlarım, addımlarının ardı,

baxışlarım, baxışlarının qalanıdır.

Sən isə,

Başa çatmayan bir yolu addımlayıb,

sonu gəlməyən bir mahnını səsləndirəcəksən,

darıxmaların darıxmalarımın ardı olacaq,

Sevdiklərin sevdiklərimin ardı…

Doğrusu,

dünya hər zaman bir şeyin ardıdır,

Hər kəs bu dünyada özü qədər yaşayıb, olduğu qədər öləcək…

Hər kəs sadəcə öz nağılının qəhrəmanıdır oğlum…

***

Ölüm

adi bir kəlmədir artıq,

mən hər gün bilirəm özlüyümün bir parçasının öldüyünü

bir gün barmaqlarım,

bir gün ayaqlarım,

bir gün gözlərim,

bir gün qulaqlarım,

bir gün səsim,

doğrusu hər kəsim…

Öyrənmişəm ölümə,

bir tablo divara öyrənən kimi…

Tanıyıram zil-bəmin artıq

illərdir təkrarlayıram ölümü,

bu da yaşamın bir bölümü,

doğrusu beynimdə işba olunmuş bir nöqtə dir ölüm…

Gündən-günə böyüyür

Böyüyür…

Böyüyür…

Mən cümə günlərinin axşam çağların darıxması oluram.

Sanki, bütünlüyüm ölüb,

sanki, bir dostum ölüb tənhalığında

ölürəm xəbərsizliyimdən.

yalqızlıq ölümün başqa bir adı olur o an.

kimsə boşaltmaz ürəyini

böyüyər…

böyüyər…

Yalqızlığın boyu teleqraf dirklərindən, mobil dəkllərindən daha uca

ona yumruq sıxmaq olmaz,

ona yalvarmaq olmaz,

bütün bağlı qapılar, içəridən açılacaq…

***

Beynim kiçik bir Orta Doğu,

savaşa girir beynimdə gündə neçə ölkə…

Mən isə, atası ölən uşaqların darıxması oluram

Ağlamaq istərəm,

eşidilsin aydıncasına,

sstaca səs qırıqlarım

Burda…

Oddan yaranıb hər bir şey

Burda…

Bütün bayramlar başa çatar, dadı hiss edilmədən

Burda…

Hər bir şey atılıb,

yuxu həbləri kimi,

İzlənirik hər an,

Gözəlliyimiz olmasada, doluyuq duyğulardan,

doluyuq boşluqlardan,

qürbətdə yazılan Vətən şeiri kimi…

Oxuyun bizi,

biz sizin savaş meydanızıq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.