Umayra Tağıyeva: Son günlər bölgələrdə 38, paytaxtda 33 dərəcə isti qeydə alınıb

“İnsanın havadan asılılığı danılmazdır. Orqanizmimiz havanın istənilən dəyişməsinə kifayət qədər həssasdır.

Genetik səviyyədə müxtəlif iqlim qurşaqlarında yaşayan əhalinin havanın istər isti, istərsə də soyuq olmasından asılı olmayaraq yerli iqlim şəraitinə uyğunlaşma qabiliyyəti var. Lakin hava göstəriciləri qəbul edilmiş iqlim normasından, başqa sözlə desək, müəyyən bir ərazi və ilin müəyyən bir fəsli üçün səciyyəvi olan hava şəraitinin orta göstəricilərindən əhəmiyyətli dərəcədə fərqləndikdə insan orqanizmi müəyyən reaksiya verir”.

APA xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

“Cənubda yerləşən ölkəmiz isti günəşli günlərin çox olması ilə səciyyələnir. Hətta bu günlərdə bölgələrdə 38, paytaxtda isə 33 dərəcə istinin qeydə alınması sentyabr ayı üçün qeyri-adi hadisə deyil”.

Xidmət rəisi onu da qeyd edib ki, son günlər paytaxtda havanın temperaturu iqlim normasından 6 dərəcə yüksəkdir.

“Davamlı cənub-şərq istiqamətli hava axını havada nisbi rütubətin artmasına səbəb olur. Hətta nisbi rütubət gündüzlər 60-80 faiz arasında dəyişir ki, bu da normadan xeyli yüksəkdir”.

U.Tağıyevanın sözlərinə görə, havanın rütubəti insan orqanizminə təsir edən əsas parametrlərdən biridir. 30 dərəcədən yüksək temperatur şəraitində bu cür nisbi rütubət orqanizmin istilikötürmə sürətinə təsir etməklə, insanların əhvalında mənfi reaksiya yaradır.

“Belə ki, isti hava şəraitində yüksək rütubət dərinin səthindən nəmin çıxmasına sanki mane olur, istilik ötürülməsi yavaşlayır, bu da bəzi narahatlıqlara səbəb olur”.

Xidmət rəsmisi onu da bildirib ki, sentyabrın 23-nə kimi havada ciddi dəyişikliklər gözlənilmir, cənub-şərq küləyi üstünlük təşkil edəcək, lakin sentyabrın 24-dən başlayaraq hava dəyişəcək.

“Hava proqnozlarını, faktiki hava şəraitini, hava keyfiyyətinə dair monitorinq məlumatlarını meteo.az saytından əldə edə bilərsiniz” – deyə Tağıyeva bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.