Azərbaycan QHT-ləri Ermənistanı sülhə səsləyiblər (FOTO)

Bakı. Trend:

Sentyabrın 22-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Agentliyində Beynəlxalq Sülh Günü münasibətilə Azərbaycan
QHT-lərinin sülhə çağırışı ilə bağlı tədbir keçirilib.

Bu barədə Trend-ə QHT-lərə Dövlət Dəstəyi Agentliyindən məlumat
verilib.

Bildirilib ki, tədbirdə çıxış edən Agentliyin Müşahidə Şurasının
üzvü Azər Allahverənov Azərbaycan dövlətinin, xalqının ilin yalnız
bir gününün deyil, bütün günlərinin sülh içində yaşanmasının
tərəfdarı olduğunu vurğulayıb. Deyib ki, XIX əsrin əvvəllərində
ərazilərimizə köçürülən ermənilərə yaşamaq üçün yer verən,
humanistlik göstərən azərbaycanlılar əsrlərdir yaxşılıqlarına qarşı
yamanlıqlar görüblər. Ermənilər yerləşərək yurd saldıqları
Azərbaycanın əzəli torpaqlarını münaqişə ocağına çeviriblər.
Tarixin hər ziddiyyətli, mürəkkəb dönəmində öz məkrli niyyətlərini,
uydurduqları, özlərindən başqa kimsənin inanmadığı xülyalarını
reallaşdırmaq arzusuna düşüblər. Havadarlarından da təlimatlar,
həmçinin hər cür yardımlar aldıqdan sonra Ermənistan ilk fürsətdə
Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdüb, xalqımıza qarşı
qırğınlar, qətliamlar, terror aktları, soyqırımları törədib. Lakin
bu hadisələrin fonunda Azərbaycan bütün dönəmlərdə sülh carçısı
olub. Dünyada sülh gününün keçirilməsi sülhsevər xalqların bir
araya gələrək bəşəriyyətin xilası üçün birlik nümayiş
etdirməsidir.

Tədbirdə çıxış edən qeyri-hökumət təşkilatlarının nümayəndələri
Radə Abbas, Rauf Zeyni, Telman Məmmədov, Müşviq Ələsgərli, Məhsəti
Hüseynova, Sevinc Fədai, Rəsul Cəfərov, Əhməd Abbasbəyli, Ramil
İsgəndərli diqqətə çatdırıblar ki, uzun illər müharibə şəraitində
yaşayan Azərbaycan üçün sülhün təminatı daha əhəmiyyətlidir. Otuz
ilə yaxındır Ermənistanın torpaqlarımıza hərbi təcavüzü nəticəsində
müharibənin əziyyətlərini yaşayan, qaçqın, köçkün problemi ilə
üzləşən Azərbaycan regionda sülhün, əmin-amanlığın təminatı üçün
bütün imkanlardan istifadə edir, beynəlxalq təşkilatlarda ərazi
bütövlüyümüzün bərpası üçün aparılan müzakirələrdə, danışıqlarda
sülhsevər siyasətini təqdim edir.

Çıxışlardan sonra tədbir qarşılıqlı diskussiya ilə davam
edib.

Tədbirin yekunu olaraq Beynəlxalq Sülh Günü münasibətilə
Azərbaycan QHT-lərinin müraciəti qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.