“Azərenerji”: “Laçın” Qovşaq Yarımstansiyası şəhəri və ətraf kəndləri enerji ilə təchiz edəcək

Bakı. Trend:

“Azərenerji” ASC-nin Laçında inşa edəcəyi 110/35/10 kV-luq
“Laçın” Qovşaq Yarımstansiyası Laçın şəhərini və ətraf kəndləri
Azərbaycanın ümumi enerjisisteminə qoşmaq, onları dayanıqlı və
fasiləsiz elektrik enerjisi ilə təchiz etmək məqsədi daşıyır.

Bunu Trend-ə səhmdar cəmiyyətinin ictimaiyyətlə əlaqələr
mərkəzinin rəisi Teymur Abdullayev bildirib.

“Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmış layihə
üzrə yeni tikiləcək “Laçın” şəhər yarımstansiyasının ümumi gücü 80
MVA (2×40) olacaq və ən əsası bu yarımstansiya qovşaq
yarımstansiyası funksiyasını daşıyacaq. Belə ki, Füzulidəki
“Şükürbəyli” yarımstansiyasından çıxaraq “Cəbrayıl”, “Zəngilan”,
“Qubadlı” yarımsatsiyalarına, ordan isə “Güləbird” Su Elektrik
Stansiyası ilə əlaqələnən mövcud 110 kV-luq ikidövrəli xətt,
“Daşkəsən” yarımstansiyasından “Kəlbəcər” və “Qorçu”
yarımstansiyalarına çəkilən mövcud 110 kV-luq ikidövrəli xətt,
“Şükürbəyli” yarımstansiyasından “Füzuli” və “Şuşa”
yarımstansiyalarına gətirilən mövcud 110 kV-luq ikidövrəli xətt
Laçın şəhər yarımstansiyası ilə əlaqələndiriləcək.

Beləliklə, 44 günlük Vətən Müharibəsindən sonra Qarabağ və Şərqi
Zəngəzurda tikilən yarımstansiyalar və yeni çəkilən 400 km-dan
artıq yüksəkgərginlikli 110 kV-luq ikidövrəli xəttlərin dairəvi
elektrik təchizatı yaradılacaq. Bununla da, işğaldan azad olunmuş
ərazilərdəki hansısa yüksəkgərginlikli 110 kV-luq xəttə qəza baş
verərsə dərhal digər istiqamətdən gələn xətt vasitəsiylə ora
gərginlik veriləcək və bununla da Qarabağ və Şərqi Zəngəzurun
dairəvi elektrk təchizatı vasitəsiylə enerjinin verilişində fasilə
yaranmayacaq”, – deyə o qeyd edib.

“Azərenerji” rəsmisi onu da deyib ki, “Laçın” Qovşaq
Yarımstansiyası və rayonun yüksəkgərginlikli ötürücü şəbəkəsi
vasitəslə generasiya mənbələrinin ölkənin ümumi enerjisisteminə
qoşulması əhatələnəcək: “Azərenerji”nin ötən il bərpa etdiyi 8 MVt
gücündə “Güləbird” Su Elektrik Stansiyası, yaxın perspektivdə Laçın
rayonda 14 yerdə yeni tikiləcək ümumi gücü 51,5 MVt olan kiçik su
elektrik stansiyaları, o cümlədən işğalçıların dağıtdığı, ümumi
gücü 68,5 MVt olacaq 14 kiçik su elektrik stansiyası da yenidən
qurularaq Azərbaycanın ümumi enerjisisteminə qoşulacaq. Beləliklə,
Laçında 28 yerdə kiçik su elektrik stansiyası yaradılaraq 120 MVt
elektrik enerjisi istehsal ediləcək.

Strateji əhəmiyyətli “Laçın” Qovşaq Yarımstansiyasında
avadanlıqlarla komplektləşdirilmiş, müasir mikroprosessor tipli
rəqəmsal idarəetmə, mühafizə və avtomatika sistemləri, sabit və
dəyişən cərəyan qurğuları, 35 kV və 10 kV-luq Qapalı Paylayıcı
Qurğular ilə təchiz olunmuş İdarəetmə Mərkəzi, ən müasir
avadanlıqlardan ibarət 110 kV Açıq Paylayıcı Qurğu, personal üçün
xüsusi yataqxana korpusu da tikiləcək”.

“Yarımstansiyanın iş rejiminə real zamanda nəzarət olunması və
göstəricilərin “Azərenerji” ASC-nin SCADA sisteminə ötürülməsi
məqsədilə yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulacaq
və enerjisistemin mərkəzi SCADA sisteminə inteqrasiya olunacaq.
Yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə nasosxana binası,
yanğın su hovuzu, qəza yağ tutumu, yanğından mühafizə və yanğın
xəbərverici sistemlər quraşdırılacaq”, – deyə T.Abdullayev əlavə
edib.

Onun sözlərinə görə, hazırda rayonun şimal hissəsində yerləşən
Qorçu kəndi ərazisində 2×40 MVA gücündə 110/35/10 kV-luq “Qorçu”
yarımstansiyasının tikintisi yekunlaşmaq üzrədir: “Yarımstansiyanın
qidalandırılması üçün 110 kV-luq “Kəlbəcər”yarımstansiyasından
“Qorçu” yarımstansiyasına çətin və mürəkkəb relyefli ərazilərdən
keçməklə çəkilən 42 km uzunluqda 110 kV-luq ikidövrəli hava
xəttinin tikintisi yekunlaşdırılıb.

İşğala qədər Laçın rayonunun güc tələbatı 8 MVt,
yarımstansiyaların qoyuluş gücü 12 MVt olub, 2040-cı ilə qədər isə
tələbatın 88 MVt olacağı gözlənilir. “Azərenerji”nin həyata
keçirdiyi layihələrin icrası nəticəsində 2 ədəd 110 kV-luq
yarımstansiya və 5 ədəd 210 km uzunluqda ikidövrəli hava xətləri
tikilərək rayonun elektrik təchizatı şəbəkəsinə 160 MVA, (145 MVt)
güc ötürmə imkanı yaranacaq və tələbat uzunmüddətli dövr üçün
qarşılanacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.