Baş prokuror Fransanın ölkəmizdəki səfiri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Sentyabrın 22-də Baş prokuror Kamran Əliyev Fransa
Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari
Qros ilə görüşüb.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, qonağı
salamlayan Baş prokuror ölkələrimiz arasında ənənəvi dostluq və
tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin
mövcudluğuna toxunaraq, əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd
edib.

Kamran Əliyev ölkəmizdə diplomatik missiyasını başa vuran səfir
Zakari Qrosa səmərəli fəaliyyətinə, ölkə Prezidenti, Müzəffər Ali
Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən
müharibəsi dövründə Baş Prokurorluq tərəfindən təşkil edilmiş
mətbuat konfransları və brifinqlərdə iştirak etdiyinə və
ölkələrimizin hüquq mühafizə orqanları arasında konstruktiv
əməkdaşlıq əlaqələrinin qurulmasında səylərinə görə təşəkkürünü
bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Baş
prokuror ölkə rəhbərliyinin diqqət və qayğısı ilə Qarabağda
aparılan bərpa və yenidənqurma işləri haqda səfiri
məlumatlandırıb.

Səmimi qəbula görə minnətdarlığını bildirən səfir Azərbaycanda
fəaliyyətini məmnunluqla bildirərək Fransanın Azərbaycanla
əlaqələrinə böyük önəm verdiyini və münasibətlərin yüksək səviyyədə
və müvəffəqiyyətlə inkişaf etdiyini, eləcə də iki ölkə arasında
iqtisadi, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın
əhəmiyyətinə toxunaraq ikitərəfli məsələlərin bir çox sahələr üzrə
irəli aparılması imkanlarının mövcud olduğunu qeyd edib. Fransanın
Qarabağda minatəmizləmə fəaliyyətində iştirak etdiyini bildirən
səfir, ölkəsinin şirkətlərinin işğaldan azad olunmuş ərazilərin
yenidən qurulmasında maraqlı olduqlarını vurğulayıb.

Z.Qros ölkəmizin prokurorluq orqanlarında aparılan köklü
islahatları yüksək qiymətləndirərək gələcəkdə Azərbaycan
prokurorluğunun əməkdaşlarının Fransanın Dövlət Qulluğu üzrə Milli
İnstitutu (keçmiş ENA) və Milli Magistratlar Məktəbində (ENM)
təcrübə keçmələri üçün geniş imkanlar olduğunu bildirib.

Daha sonra sentyabrın 18-də Azərbaycanın Parisdəki səfirliyinin
inzibati binasına etnik ermənilərdən ibarət radikal qruplaşma
tərəfindən hücum edilməsi faktı ətrafında geniş fikir mübadiləsi
aparılıb. Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən
başlanmış cinayət işinin istintaqının Fransanın aidiyyəti orqanları
ilə birgə əməkdaşlıq çərçivəsində aparılmasının vacibliyi qeyd
olunaraq bu barədə müvafiq razılıq əldə olunub. Səfir Qros baş
verən hadisənin təəssüf doğurduğunu bildirərək Fransa tərəfindən
hadisəyə müvafiq hüquqi qiymətin verilməsi üçün aidiyyəti
addımların atılacağını qeyd edib. Həmçinin bildirilib ki, ölkəmizin
Parisdəki diplomatik nümayəndəliklərinin inzibati binaları hazırda
tam şəkildə polis tərəfindən qorunur.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər
müzakirə olunub, faydalı fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.