Beynəlxalq simpoziumun iştirakçıları Heydər Məscidini və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət ediblər (FOTO)

Bakı. Trend:

İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda
beynəlxalq simpozium iştirakçıları Heydər Məscidini və “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət ediblər.

Heydər məscidini ziyarət zamanı qonaqlara məlumat verilib ki,
2014-cü ilin dekabrında açılışı keçirilən dini ibadət müəssisəsi
Qafqazın ən böyük məscididir. Milli-mənəvi irsə böyük diqqət və
qayğı ilə yanaşan Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin tapşırığı ilə inşa olunan bu yeni məscid 12 min
kvadratmetr sahəni əhatə edir. Məscidin fasadı Şirvan-Abşeron
memarlıq üslubunda xüsusi daşlarla üzlənib, ornamentlərin
zənginliyi fasadda arxitektura harmoniyası yaradıb, həmçinin 95
metr hündürlüyündə 4 minarə inşa olunub. Məscidin daxili xüsusi
bəzək elementləri ilə dizayn edilib, günbəzin kənarlarına Quran
ayələri həkk olunub. Əlli beş metr ucalığında olan baş günbəz, o
cümlədən, hündürlüyü 35 metrə çatan ikinci günbəz məscidə xüsusi
gözəllik verir.

Qonaqlara, eyni zamanda, məsciddə qılınan vəhdət namazları
barədə də məlumat verilib. Heydər Məscidində Vəhdət namazının ənənə
halı aldığı, dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin və
islamofobiyanın geniş yayıldığı müasir dövrümüzdə bunun bir nümunə
təşkil etdiyi bildirilib.

Daha sonra Qoşa Qala küçəsindən başlayan “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğunu gəzinti zamanı qonaqlara tarixi
heykəltəraşlıq binaları, meydan və Qala divarları haqqında məlumat
verilib. Qonaqlar Sıratağlı Dini-Memarlıq Kompleksi (Bazar meydanı)
ərazisindəki müxtəlif dövrlərə aid bədii daşyonma sənət
nümunələrini müşahidə ediblər. Karvansara ilə tanışlıq zamanı bu
abidələrin Azərbaycanın Şərq ölkələri ilə zəngin tarixi,
iqtisadi-mədəni əlaqələrinin göstəricisi olduğu bildirilib.

Sonda konfrans iştirakçıları tarix-memarlıq nümunəsi olan “Qız
Qalası”nın önündə xatirə şəkli çəkdiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.