Bu maaşları və iş yerlərini görəndə… – Zamin Hacı yazır…

Kulis.az Zamin Hacının “Şuşada baletin qiyməti” adlı yazısını təqdim edir.

Dinəndə çoxumuz Namiq Qaraçuxurlunu bəyənmərik. Ancaq görün nə deyir: “İşğaldan azad edilən ərazilərə getməyə özümdə güc tapmıram. Hələ də getməmişəm. Çoxlu dəvətlər olsa da, özümü buna hazır hiss eləmirəm”. Buyurun. Mükəmməl təsbitdir. (Doğrusu, “təsbit” sözünün mənasını heç bilmirəm, xoşuma gəldiyi üçün burda yazdım, yerinə düşmədisə, oxucular bağışlasın). Söz verirəm haçansa maşın alsam, orda ancaq Namiq müəllimin mahnıları səslənəcəkdir.

Dərhal keçirəm məşğulluq məsələsinə, çünki uca millətimizi iş-güclə təmin eləmək bu dəqiqə ən ağır işlərdən biridir. Faktiki olaraq insan əməyinə hörmət qoyulan, dəyər verilən iş yerlərinin sayı sıfıra yaxındır. Dövlət Məşğulluq Xidmətinin saytında xalqa təklif edilən iş yerləri, maaşları görəndə adamın təpəsindən tüstü qalxır. İnanmırsınızsa, birgə baxaq.

Məsələn, Ağdamda tikintidə fəhlə işləməyə 400-450 manat maaş vəd edilir. Cəbrayıl rayonunda minaaxtaran avtomobili sürməyə 600-900 manat arası maaş təklif olunur. Təsəvvür elə. Bu maaşla camaat hazırda heç kartof qazıb çıxarmır, gəl gör mina olsun.

Ən tragikomik iş elanlarından biri isə Xocavənd xəstəxanasında hüquqşünas vəzifəsidir. Ali təhsil olmalıdır. Maaş da… 300 manatla 550 manat arasındadır. Neçə il gözünü kor eləyib oxuyursan, birtəhər universitetə dürtülürsən, ev-eşikdə toy-bayram olur, dana kəsilir, hədiyyələr-zad… Bundan sonra 4-5 il ali məktəbə sürünürsən, şalvarın dal cibində hüquq kafedrası müəllimlərinin ötən əsrin 70-ci illərindən qalma konspektlərinin surəti, axırı da bu.

Xocavənd xəstəxanasına hüquqşünas nəyə lazımdır, açığı bunu bilmirəm. Görünür orda xəstələr tez-tez ölür. Bütün hallarda indiki vəziyyətimizdə hüquqşünasa 300 manat maaş vədi Qədim Romadan üzü bəri bütün dünya hüquq sistemlərini ələ salmaqdır.

Kəlbəcərdə sürücü işləmək, 300 manat… Pis çıxmasın və təhrik kimi olmasın, şəxsən, mən, o maaşla maşını ilk gün dərəyə aşırdıb bu fani dünyadan canımı qurtarardım. Orda mənzərəli dərələr də çoxdur, adamın canı ağrımaz.

Ağalı kəndində anbardar, 450 manat maaş… Bax, burda gələcək işçiyə açıq mesaj vardır. Ki, qardaş, sənə bu boyda anbar (bəlkə də, ambar – müəllimliyə imtahan verməyə hazırlaşıram) veririk, daha maaş nəyinə lazımdır, sat, oğurla, tala, dağıt. Bizdə bineyi-qədimdən anbardar vəzifəsiylə qanuni oğru ifadəsi arasında haradasa bərabərlik işarəsi qoyulubdur.

Ancaq saytımız mədəniyyətə həsr edilmişdir və sayın (qoy Türkiyəni sevməyənlərin ürəyi partlasın) oxucular mənim ən maraqlı iş elanını axıra, bir növ yazımın kulisində saxladığımı başa düşüblər. Eləysə, buyurun, tanış olun (bu yerdə orkestr Cüzeppe Verdi-nin “Aida” operasından təntənəli marşı çalmalıdır):

Şuşa Dövlət Musiqili Dram Teatrına balet artisti lazımdır. İş vaxtı saat 10:00-dan 18:00-a qədər. 22-35 yaşlarında olmalıdır. Maaş isə… Ürəyi xəstə olanlar oxumasın: 398 manat.

A kişi, bunun üstünə heç olmazsa, 2 manat da qoyun, 400 olsun da bə! Bu nə krısalıqdır, Vüqar Babazadənin sözü olmasın. Yazıq artist ilin-günün, bazarın-dükanın, arvad-uşağın, toyun-nişanın bu vaxtında 398 manatla ayağını nə cür qaldırıb balet oynayacaqdır? Məncə, onu ancaq sürüyüb səhnəyə çıxartmaq mümkün ola bilər, o da teatrın bədii rəhbəri maaşa əlavə kimi həftədə bir dəfə dönər və ya “peraşki” alsa.

Aktyora, xüsusən balet oynaya bilənlərə hörmət lazımdır. Siz o dar tumanı geyinin, barmağınızın ucunda ora-bura qaçın görüm, necə qaçırsınız. Aktyora mütrüb kimi, təlxək kimi baxanlardan biri hazırda ölkəmizdən şimalda zibilə düşübdür. Zelenskini bəyənmirdilər. Bu da göstərdi ki, aktyor, əslində, ən güclü siyasətçi və qorxmaz qəhrəmana çevrilməyi həyatda da bacarar. Səhnədə o qədər məşqini eləyib ki… Yəni sözümün canı artistə az maaş verən yetkililərə (ən böyük Türkiyə!) aiddir. Ehtiyatlı olun. Bir gün o balet artisti sizin özünüzü səhnəyə çıxartmasın.

Sonda aktyora necə hörmət qoyulması haqda dünya təcrübəsindən bir misal. Yayda Hindistanda bir dələduzlar dəstəsi tutdular. Bunlar hansısa şəhərdə saxta… polis şöbəsi açıbmış. Camaatdan şikayət və ərizələr qəbul edir, işlərə baxır, pul qazanırmışlar. Bandanın 6 üzvü tutuldu, “şöbədə” kütləvi işçiləri, necə deyərlər, əməliyyatçı və serjantları, patrulları-filanı isə yerli aktyorlar oynayırmış. Bunun əvəzində banda aktyorlara gündəlik 500 rupi – bizim pulla 10 manat 64 qəpik ödəniş edirmiş.

Bunu ayın günlərinin sayına vuranda 320 manat eləyir…

Heç orda da aktyorun hörməti yox imiş. Sözümü geri alıram.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.