Dedi, pul, qızıl hardadır, dedim tapsan, mənə də verərsən – Quldurluğa məruz qalan qadın

Bakı. Trend:

Bakı. Ağır Cinayətlər Məhkəməsində paytaxtın Yasamal rayonu
ərazisjndəki evlərdən birində yaşlı qadına qarşı quldurluqda
təqsirləndirilən Tural Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi
başlayıb.

Trend-in məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə
keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Prosesdə ifadə verən təqsirləndirilən şəxs bildirib ki, o,
Elmira Bayramovanın evinə qanunsuz daxil olarkən səs-küy salmasın
deyə onun ağzını bağlayıb.

“Evə daxil olanda Elmira xanımdan oğlu Fuadı soruşdum. Taksi
sürücüsü olduğum üçün Fuadı müştəri kimi tanıyırdım. Dedim ki, Fuad
mənə pul borcludu. Bu adla evə daxil olub qadının ağzını əlimlə
tutdum. İttihama yazılıb ki, əlimdə bıçaq olub. Mənim əlimdə heç
bir soyuq silah olmayıb. Evdən bir ədəd mobil telefon
oğurlamışam”,-təqsirləndirilən şəxs deyib.

Prosesdə ifadə verən zərərçəkmiş E. Bayramova isə bildirib ki,
evindən oğurlanan telefon sonradan ona qaytarılıb: “Evdə tək idim.
Qapı döyüldü, açdım, məni itələdi, girdi içəri.
Qışqırdım, ağzımı tutdu. Dedi, pul, qızıl hardadır. Dedim tapsan,
mənə də verərsən. Yaxşı ki, pensiyamı almamışdım. Yoxsa aparacaqdı.
Mənə dedi ki, oğlun pul borcludu. Mənə inanmadı, pul qabıma da
baxdı, gördü pul yoxdu. Telefonu götürüb getdi”.

İttihama görə, Bakıda taksi fəaliyyəti ilə məşğul olan 1992- ci
il təvəllüdlü Tural Əhmədov Yasamal rayonunda Elmira Bayramovanın
evinə quldurluq yolu ilə daxil olaraq onu bıçaqla hədələyib, ondan
pul və qiymətli əşyaları tələb edib. Qadının səs-küy salmasından
sonra T. Əhmədov qadına məxsus mobil telefonu götürərək hadisə
yerinə qaçıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində T. Əhmədov
saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 181-ci( quldurluq)
maddəsilə cinayət işi başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.