Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Sentyabrın 22-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2022-ci ilin payız sessiyasında ilk iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli əvvəlcə Azərbaycanla sərhəddə Ermənistanın törətdiyi son təxribatlardan söz açıb.

Bildirib ki, Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdikləri genişmiqyaslı təxribatın qarşısı rəşadətli Azərbaycan Ordusu tərəfindən uğurla alınıb. İclasda qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Komitənin sədri gündəliyin ilk iki məsələsinin Milli Məclisin 2022-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Hüquq siyasəti və dövlət quruculuğu komitəsində görülən işlər barədə hesabat və komitənin 2022-ci ilin payız sessiyası üçün iş planı olduğunu bildirib. Məsələlərlə bağlı qısa məlumat verilib. Qeyd olunub ki, hesabat dövründə komitənin 23 iclası keçirilib, iclaslarda 105 məsələyə baxılıb. Komitədə 31 qanun layihəsi üç oxunuşda, 5 qanun layihəsi bir oxunuşda müzakirə edilib. Həmçinin ötən sessiya dövründə komitəyə daxil olmuş 250-yə qədər müraciət araşdırılıb, müvafiq tədbirlər görülüb, onların həlli üçün aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırılıb.

Komitənin 2022-ci ilin payız sessiyasında görəcəyi işlərlə bağlı bildirilib ki, iş planında komitəyə daxil olacaq qanun layihələrinin və digər sənədlərin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması nəzərdə tutulub.

Gündəliyin 3-cü və 4-cü məsələləri ilə bağlı komitə üzvü Nizami Səfərov məlumat verib. O, bildirib ki, üçüncü məsələ “Ekstradisiya haqqında” Avropa Konvensiyasına Dördüncü Əlavə Protokolun təsdiq edilməsi barədə qanun layihəsidir. Qeyd olunub ki, Əlavə Protokol 1957-ci ildə qəbul edilmiş “Ekstradisiya haqqında” Avropa Konvensiyasının bir sıra müddəalarının müasirləşdirilməsi və onların tamamlanması məqsədinə xidmət edir.

4-cü məsələ olan “Mülki və ya ticarət işləri üzrə məhkəmə və qeyri-məhkəmə sənədlərinin xaricdə təqdim edilməsi haqqında” Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsində xaricdə təqdim ediləcək məhkəmə və qeyri-məhkəmə sənədlərinin ünvanlanan şəxsin nəzərinə vaxtında çatdırılmasını təmin etmək üçün müvafiq vasitələrin yaradılmasını nəzərdə tutur.

Qeyd olunub ki, hər iki konvensiyanın müddəaları münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Ermənistan Respublikası ilə münasibətlər normallaşana qədər Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq edilməyəcək.

“Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsini komitənin sədri Əli Hüseynli təqdim edib. O, bildirib ki, konvensiya uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası üzrə dövlətlər arasında əməkdaşlığın təkmilləşdirilməsini nəzərdə tutur və bu konvensiyaya da Azərbaycan Ermənistana münasibətdə məlum qeyd-şərtlə qoşulur.

Növbəti üç məsələ haqqında komitə üzvü Əminə Ağazadə məlumat verib. O, bildirib ki, birinci oxunuşda olan “Prokurorluq haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri dövlət qulluqçularının əməkhaqqı sisteminin təkmilləşdirilməsi, eyni vahid əməkhaqqı sisteminin tətbiqi ilə bağlı aparılan islahatların davamıdır.

Birinci oxunuşda olan digər qanun layihəsinin isə “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” və “Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi ilə bağlı olduğu bildirilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəliyin 9-24-cü məsələlərinin parlamentə bir paketdə daxil olduğunu bildirib.

Belə ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Pasportlar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “İnzibati icraat haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 267-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş), Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş), Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) eyni mahiyyət daşıyır. Sənədlər Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4.2-ci bəndinə əsasən hazırlanıb. Məqsəd dövlət xidmətlərinin göstərilməsi üçün zəruri olan sənəd və məlumatın digər dövlət qurumunda mövcud olduğu halda, vətəndaşdan tələb edilmədən Elektron Hökumət İnformasiya Sistemi vasitəsi ilə müvafiq dövlət qurumundan alınmasının təmin olunmasıdır.

Gündəliyin 25-ci məsələsi ilə bağlı Əli Hüseynli bildirib ki, “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində (birinci oxunuş) qanuna əlavə təklif olunub. Əlavəyə görə, Milli Fəaliyyət Planı iştirakçılarının fəaliyyətinin əlaqələndirilməsi Milli Koordinator yanında ictimai əsaslarla fəaliyyət göstərən İşçi Qrup vasitəsilə həyata keçirilir.

Gündəlikdəki növbəti məsələsi haqqında deputat Kamal Cəfərov məlumat verib. O, bildirib ki, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunun icrası ilə əlaqədar hazırlanıb.

Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı deputat Nizami Səfərov arayış verərək bildirib ki, sənəd məhkumlara videogörüşlər keçirmək hüququn verilməsini, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə görüşlərə məhdudiyyət qoyulduğu hallarda məhkumun xahişi olduqda qısa müddətli görüşlər telefon danışıqları və videogörüşlərlə əvəz edilməsini nəzərdə tutur.

Gündəliyin növbəti iki məsələsi – birinci oxunuşda olan Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihələri barədə məlumat verərkən Kamal Cəfərov bildirib ki, sənədlərdə Azərbaycandan xaricə və xaricdən Azərbaycana qanunsuz pul köçürülməsi fəaliyyətinə qarşı mübarizənin gücləndirilməsi nəzərdə tutulub.

30-cu məsələ ilə bağlı komitə sədri Əli Hüseynli arayış verib. Bildirib ki, “Dövlət qulluğu haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) yeni yaradılan dövlət orqanlarında vəzifə tutan dövlət qulluqçularının inzibati vəzifələrinin müvafiq təsnifata aidiyyətinin müəyyənləşdirilməsi məqsədilə hazırlanıb.

Növbəti 31-33-cü məsələlər – Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş), “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) və “Notariat haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verən komitə üzvü Nurlan Həsənov sənədlərin ölkədə elektron xidmətlərin inkişafı və dövlət xidmətlərinin vətəndaşlarımıza daha rahat və daha şəffaf şəkildə göstərilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihələri (birinci oxunuş) barədə də deputat Kamal Cəfərov məlumat verib. Bildirilib ki, sənədlər “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyələşdirliməsinə dair” Avropa Şurası Konvensiyasının müddəalarının icrası məqsədilə hazırlanıb.

“Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə təqdim edərkən Əli Hüseynli dəyişikliyin “Əmək pensiyaları haqqında” Qanuna təklif edilən dəyişikliklərdən irəli gəldiyini qeyd edib. Dəyişiklik ölkədə aparılan sosial islahatların davamı olaraq pensiya təminatı sistemində sosial sığorta prinsipinin daha da möhkəmləndirilməsinə, pensiya artımlarında vahid indeksasiya metodunun tətbiqinə xidmət edir.

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) bağlı məlumat verərkən deputat Nurlan Həsənov qeyd edib ki, sənəd kommersiya hüququ şəxslərin təsisçiləri və onların nizamnamə kapitalındakı payları barədə məlumatlara antiinhisar fəaliyyətini həyata keçirən orqana çıxış imkanı yaradır.

Komitə gündəlikdəki “Yol hərəkəti haqqında”, “Notariat haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə ikinci oxunuşda olan qanun layihəsini də nəzərdən keçirib.

Məsələlərin müzakirəsində Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, komitə sədrinin müavini Qüdrət Həsənquliyev, komitənin üzvü Tahir Kərimli, Elşən Musayev, Əminə Ağazadə, Nizami Səfərov, Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat və insan hüquqları idarəsinin rəisi Aynur Osmanova çıxış ediblər. Deputatlar müzakirə edilən məsələlərlə bağlı fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.

Millət vəkilləri 2022-ci ilin yaz və növbədənkənar sessiyalarında Hüquq siyasəti və dövlət quruculuğu komitəsində görülən işləri qənaətbəxş sayıblar, komitənin 2022-ci il payız sessiyası üçün iş planını təsdiqləyiblər, gündəlikdəki qanun layihələrini Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər.

İclasda deputatlar Sabir Hacıyev, Vüqar İskəndərov, Erkin Qədirli, Bəhruz Məhərrəmov və digər rəsmi şəxslər iştirak ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.