Milli Məclisdə Avropa Parlamentinin nümayəndə heyəti ilə görüş olub (FOTO)

Bakı. Trend:

Sentyabrın 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Avropa Parlamentinin
Kənd, dağlıq və ucqar ərazilər və Ağıllı kəndlər üzrə interqrupunun
sədri Frank Boqoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə
görüşüb.

Komitə sədri Tahir Mirkişili qonaqları salamlayaraq,
Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yüksələn xətlə
inkişaf etdiyini bildirib. Ölkəmizin Avropa İttifaqının əsas
tərəfdaşlarından biri olduğunu qeyd edib. Parlamentlər səviyyəsində
əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətindən danışıb.

Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi əlaqələrin
genişləndirilməsinin vacibliyini söyləyən komitə sədri birgə
müxtəlif layihələrin uğurla həyata keçirildiyini deyib. Qarşılıqlı
ticarət əlaqələrinin genişləndirilməsi, informasiya-kommunikasiya
texnologiyaları sahəsində əməkdaşlığın inkişafından bəhs edib.
Azərbaycanın zəngin neft-qaz ehtiyatlarından danışan Tahir
Mirkişili ölkəmizin enerji təhlükəsizliyi sahəsində həm regionda,
həm də dünyada əhəmiyyətli rol oynadığını bildirib.

Sonra komitə sədri diqqətə çatdırıb ki, Azərbaycan Ermənistan
tərəfindən 30 il ərzində işğal edilmiş əzəli torpaqlarını öz
qüvvəsinə azad edib və hazırda bu ərazilərdə böyük quruculuq və
bərpa işləri aparılır. Lakin işğalçı Ermənistan tərəfindən həmin
ərazilərin minalanması böyük maneələr törədir. Buna baxmayaraq,
azad olunmuş ərazilərdə yeni infrastruktur yaradılır,
kommunikasiya, nəqliyyat xətləri salınır, o cümlədən yeni hava
limanları inşa edilir.

Tahir Mirkişili işğaldan azad olunmuş torpaqlarımızda “ağıllı
şəhər”, “ağıllı kənd” layihələrinin həyata keçirildiyi barədə
məlumat verib. Bildirib ki, beynəlxalq standartlara cavab verən bu
layihələr əsasında yenidən qurulan Zəngilan rayonunun Ağalı kəndinə
artıq bir çox ailələr köçürülüb. Burada yaşayan vətəndaşların
şəraitinin daha da yaxşılaşdırılmasında, rifah halının
yüksəldilməsində həmin layihələr önəmli rol oynayır.

Komitə sədri Şərq və Qərb arasında kommunikasıyaların
qurulmasında, enerji və ərzaq təhlükəsizliyi sahəsində Azərbaycanın
rolu, işğaldan azad olunmuş ərazilərdə yeni nəqliyyat
infrastrukturunun qurulması, yaşıl enerji zonaları, sənaye
zonalarının yaradılması, bu ərazilərə investisiyanın cəlb edilməsi
istiqamətində dövlət tərəfindən görülən işlər barədə danışıb.

Avropa Parlamentinin Kənd, dağlıq və ucqar ərazilər və Ağıllı
kəndlər üzrə interqrupunun sədri Frank Boqoviç görüşə və maraqlı
söhbətə görə öz minnətdarlığını ifadə edib. Avropa İttifaqı ilə
Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafının
önəmli olduğunu deyib. İqtisadi əlaqələrin möhkəmləndirilməsi, o
cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi
istiqamətində mövcud imkanlardan, ərzaq təhlükəsizliyinin təmin
edilməsinin vacibliyindən bəhs edib.

Qonaq “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin əhəmiyyətindən
söhbət açaraq, müasir texnologiyaların tətbiqinin insanların həyat
şəraitinin yaxşılaşdırılmasına xidmət etdiyini bildirib. O,
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində belə kəndlərin
qurulmasını yüksək qiymətləndirib. Təmsil etdiyi qurumda bu
istiqamətdə ölkəmizin təcrübəsinin böyük maraqla qarşılandığını
söyləyib.

Söhbət zamanı deputatlar Tural Gəncəliyev, Vüqar Bayramov,
Məzahir Əfəndiyev, ölkəmizin Belçikadakı səfiri Vaqif Sadıqov
ikitərəfli əlaqələrin inkişafı, enerji və ərzaq təhlükəsizliyi
sahəsində əməkdaşlıq, digər qarşılıqlı maraq doğuran məsələlər
barədə öz fikirlərinin açıqlayıblar.

Görüşdə deputat Mahir Abbaszadə, Avropa Parlamenti nümayəndə
heyətinin üzvləri Hannes Heide, Engin Eroğlu, Marin Miletiç, Adam
Muxtar, Alessandro da Rold, Angele Kedaitene, Rafet Kurnaz, Gencay
Koyunbaşoğlu, Ethem Güngör və digər rəsmi şəxslər iştirak
ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.