Nazirlər Kabineti gələn ilin büdcə layihələrini müzakirə edib (FOTO)

Bakı. Trend:

Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetinin
Azərbaycan Respublikasının 2023-cü il üzrə dövlət büdcəsinin və
icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin
göstəricilərinin, Azərbaycan Respublikasının 2023-cü il və növbəti
üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz
göstəricilərinin müzakirəsinə həsr olunan geniş iclası
keçirilib.

Bu barədə Trend Nazirlər Kabinetinə istinadən xəbər verir.

İclası açan Baş nazir Ə.Əsədov sentyabrın 12-si gecə və 13-ü
səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən
Azərbaycan-Ermənistan dövlət sərhədində törədilən genişmiqyaslı
təxribat nəticəsində şəhid olan hərbçilərimizin əziz xatirəsini
ehtiramla yad edib, onların ailələrinə və yaxınlarına dərin hüznlə
başsağlığı verib. Qeyd edilib ki, Azərbaycan Silahlı Qüvvələri bu
təxribatın qarşısını qətiyyətlə alıb. Baş vermiş təxribata və artan
gərginliyə görə bütün məsuliyyətin Ermənistanın siyasi-hərbi
rəhbərliyinin üzərinə düşdüyü bildirilib.

Xüsusi vurğulanıb ki, baş vermiş təxribatlar fonunda ölkəmizin
müdafiə qabiliyyətinin gücləndirilməsi və onun daim lazım olan
səviyyədə saxlanılması dövlətimizin, o cümlədən Hökumətin birbaşa
qarşısında duran əsas və zəruri olan məsələlərdəndir.

Qeyd edilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə ölkəmizin müdafiə potensialının və
ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, onun müasir
hərbi texnika və silah-sursatla təchizatı və hərbçilərin
sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması hər zaman əsas
xərc istiqamətlərindən biri olacaqdır. Bu istiqamətdə gələn ilin
büdcəsində 5,3 milyard manatdan artıq vəsait nəzərdə tutulub.

Diqqətə çatdırılıb ki, bütövlükdə, 2023-cü il və növbəti 3 il
üçün dövlət və icmal büdcə layihələri Azərbaycan Respublikası
Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli
Prioritetlər”ə uyğun olaraq və Prezidentin 2022-ci il 22 iyul
tarixli Sərəncamı ilə təsdiq edilmiş “2022-2026-cı illərdə
sosial-iqtisadi inkişaf Strategiyası”ndakı hədəflər nəzərə
alınmaqla hazırlanıb.

2023-cü ilin dövlət büdcəsində Strategiya ilə nəzərdə tutulan
layihə və tədbirlərin maliyyələşdirilməsi üçün 5,2 milyard manat
vəsaitin ayrıldığı bildirilib.

Həmçinin vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev 2022-ci ilin altı ayının yekunlarına həsr olunan
müşavirədə çıxışı zamanı 2023-cü ilin dövlət büdcəsinin
hazırlanması ilə əlaqədar Hökumətə bir sıra tapşırıqlar vermiş,
həmin tapşırıqlar büdcə layihəsinin hazırlanması prosesində nəzərə
alınıb.

Ölkəmizin uğurlu inkişafından söz açan Baş nazir bu müsbət
tendensiyanın cari ilin 8 ayının nəticələrində özünü təsdiqlədiyini
vurğuladı. “Belə ki, 8 ayda iqtisadi artım 5,8%, o cümlədən
qeyri-neft sektoru üzrə 10,3% artmış, qeyri-neft sənayesində 9%
artım qeydə alınmışdır. Xarici ticarət dövriyyəmiz 35 mlrd. dollar
təşkil etmişdir”, – deyə Baş nazir bildirib.

Qeyd edilib ki, hazırda ölkənin strateji valyuta ehtiyatları 2,7
mlrd. dollar artaraq təxminən 56 millyard dollara yaxındır və
birbaşa xarici dövlət borcunu 7 dəfədən artıq üstələyir.

2023-cü il dövlət büdcəsi layihəsi barədə ümumi məlumat verən
Baş nazir büdcə gəlirlərinin 30,7 milyard manat, xərclərinin isə
33,3 milyard manat səviyyəsində nəzərdə tutulduğunu diqqətə
çatdırıb. Bildirildi ki, büdcə kəsirinin ÜDM-ə nisbəti 2,4% təşkil
edir.

Əhalinin, şəhid ailələrinin, qazilərin sosial müdafiəsi və
sosial təminatının gücləndirilməsinin, aztəminatlı əhalinin sosial
rifahının yaxşılaşdırılmasının daim dövlət başçısının diqqət
mərkəzində olduğu vurğulanıb. Qeyd edilib ki, bu istiqamətdə
islahatların davam etdirilməsi, inflyasiya təzyiqi nəzərə alınmaqla
həssas əhali qruplarına sosial dəstək tədbirlərinin həyata
keçirilməsi üçün 2023-cü il üzrə dövlət büdcəsinin sosialyönlü
xərcləri cari illə müqayisədə 9,2% çox nəzərdə tutulub.

Bildirilib ki, əhalinin sağlamlığının qorunması, icbari tibbi
sığortası, dərman preparatlarına olan tələbatın ödənilməsi,
müayinə, müalicə və reabilitasiyasının həyata keçirilməsi və bu
sahənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə növbəti
ildə səhiyyə sisteminin təminatına da diqqət artırılacaq.

“2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na
əsasən, təhsil sahəsində islahatların aparılmasının əsas
hədəflərdən biri kimi müəyyən edildiyi diqqətə çatdırılıb. Ümumi
təhsildə islahatların davam etdirilməsi, peşə təhsilinin əhatə
dairəsinin genişləndirilməsi, ali təhsilin əlçatanlığının və
əhatəliliyinin artırılması və bir çox digər istiqamətlər üzrə
tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğu qeyd
edilib.

Son dövrlərdə müşahidə olunan regional və qlobal geosiyasi
çağırışların, istehsal zəncirində qırılmaların, həmçinin daşınma və
logistika xərclərinin yüksəlməsinin dünya ərzaq qiymətlərinin
bahalaşmasına, ərzaq qıtlığına, əksər ölkələrdə ərzaq məhsulları
üzrə inflyasiyanın ikirəqəmli səviyyəyə çatmasına səbəb olduğu
diqqətə çatdırılıb.

Təbii olaraq dünya ərzaq bazarlarındakı vəziyyətin əksər
ölkələrdə olduğu kimi Azərbaycan üçün də ərzaq təminatı və ərzaq
təhlükəsizliyi, idxaldan asılılıq səviyyəsinin azaldılması
məsələlərini daha da aktuallaşdırdığı bildirilib.

Diqqətə çatdırılıb ki, hazırda qlobal miqyasda da əsas
çağırışlardan olan ərzaq təhlükəsizliyi tədbirləri üçün dövlət
büdcə xərclərinin həcmi də artırılacaq. O cümlədən Azərbaycan
Respublikası Prezidentinin “Ərzaqlıq buğda ilə özünütəminetmə
səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında”
2022-ci il 19 iyul tarixli Fərmanından irəli gələn tədbirlər üçün
gələn ilin dövlət büdcəsində müvafiq vəsaitin nəzərdə tutulduğu
qeyd edilib.

Eyni zamanda dövlət baçşısının tapşırıqlarına əsasən, kənd
təsərrüfatının inkişafının Hökumət üçün əsas prioritetlərdən biri
olduğu vurğulanıb. Bildirilib ki, 2023-cü ilin dövlət büdcəsində
kənd təsərrüfatının inkişafı üzrə büdcə xərcləri cari illə
müqayisədə 20,5% çoxdur.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, işğaldan
azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və
kəndlərin yenidən qurulması, həmin ərazilərdə müasir
infrastrukturların yaradılması məqsədilə 2023-cü ilin dövlət
büdcəsində 3 milyard manat vəsaitin nəzərdə tutulduğu diqqətə
çatdırılıb.

Daha sonra maliyyə naziri Samir Şərifov Azərbaycan
Respublikasının 2023-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin
layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri,
iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının
2023-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf
konsepsiyası və proqnoz göstəriciləri, əmək və əhalinin sosial
müdafiəsi naziri Sahil Babayev 2023-cü il üzrə Dövlət Sosial
Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcə layihələri
haqqında məruzələrlə çıxış ediblər.

Müzakirələr zamanı səsləndirilən fikir və təkliflərin
“Azərbaycan Respublikasının 2023-cü il üzrə dövlət büdcəsinin və
icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin
göstəriciləri” və “Azərbaycan Respublikasının 2023-cü il və növbəti
üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz
göstəriciləri” layihələrində nəzərə alınaraq Azərbaycan
Respublikasının Prezidentinə təqdim edilməsinə qərar verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.