Şəhər mühitinin avtomobillər üçün yox, insanlar üçün rahat və əlçatan olması əsas götürülməlidir – BNA

Bakı. Trend:

Yollarda artan nəqliyyat sıxlıqları sosial şəbəkələrdə geniş
müzakirə olunmaqdadır. Bu haqda müxtəlif fikirlər bildirilir və
həll yolları təklif edilir.

Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais
Ağayev Trend-ə açıqlamasında bildirib ki, vəziyyətdən çıxış yolu
dayanıqlı şəhər mobilliyi prinsiplərinin tətbiq edilməsidir.

“Şəhər mühitinin avtomobillər üçün yox, insanlar üçün rahat və
əlçatan olması əsas götürülməlidir. Bu halda biz hərəkət
imkanlarımızı genişləndirməklə tıxac problemini həll edə bilərik.
Bakı Nəqliyyat Agentliyinin bu günədək həyata keçirdiyi bütün
tədbirlərin ana xəttini də məhz elə bu prinsiplər təşkil edir.

Bu prinsiplər əsas götürülməklə Agentliyin 6 ildə qurmağa
çalışdığı şəhər nəqliyyatının əsasında ictimai nəqliyyat dayanır.
Ötən dövrdə bu sektorda yeni xidmət standartları tətbiq edilib,
nağdsız ödəniş sisteminə keçilib, maliyyə şəffaflığı artırılıb,
müasir infrastruktur yaradılıb, avtobus parkının əhəmiyyətli
hissəsi yenilənib və bu proses davam etməkdədir”, -M. Ağayev
deyib.

Qurum rəsmisi qeyd edib ki, ictimai nəqliyyatın səmərəli
fəaliyyəti və etibarlılığının artırılması üçün zəruri faktorlardan
biri də xüsusi zolaqların təşkilidir: “Dünya təcrübəsi də avtobus
zolaqlarının tıxacların qarşısının alınmasında əhəmiyyətli təsir
vasitəsi olduğunu göstərir. İndiyədək Agentliyin təşəbbüsü ilə 10
küçə və prospektdə avtobus zolağı təşkil edilib. Amma zolaqlardan
düzgün istifadə və davamlılıq olmadığından onların səmərəliliyi
hiss olunmur. İctimai nəqliyyatın cəlbediciliyinin artırmaq həm də
qeyri-qanuni sərnişindaşımaların qarşısının alınması baxımından da
faydalıdır. Çünki tıxacların yaranmasına rəvac verən qanunsuz
daşımalar ictimai nəqliyyatın fəaliyyətinə mənfi təsir göstərməklə
onun gəlirliyini azaldır və ümumilikdə, sistem üçün əhəmiyyətli
risklər yaradır”.

Mais Ağayev bildirib ki, tıxacların və sürətli avtomobilləşmənin
qarşısının alınması baxımından alternativ olaraq, daha çox piyada
gəzintiləri təşviq olunmalı və piyada infrastrukturu inkişaf
etməlidir: “Bu məqsədlə son 6 ildə Agentlik tərəfindən 200-ə yaxın
küçədə piyada əlçatanlığı və təhlükisəziliyinin təmin edilməsi ilə
bağlı müxtəlif tədbirlər həyata keçirilib – səkilərdə pandus,
təhlükəsizlik tumbası, məhəccər quraşdırılıb, səkilər standartlara
uyğunlaşdırılıb. Görülən işlər şəhərdə piyada təhlükəsizliyinin
artırılmasına töhfə verib – 2021-ci ildə 2019-cu illə müqayisədə
piyadaların iştirakı ilə baş verən hadisələrinin sayı 7%, 2021-ci
ildə piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin
sayı 2016-cı il ilə müqayisədə 26.8% az olub.

Bütün digər iri şəhərlərdə olduğu kimi tıxac və sıxlıq halları
paytaxtımız üçün də səciyyəvidir. Lakin yollarda tıxaca səbəb olan
halların aradan qaldırılmasına düzgün yanaşmaqla biz onun
təsirlərini minimuma endirə bilərik. Düzgün yanaşma isə
alternativsiz olaraq dayanıqlı şəhər mobilliyi prinsipləridir.
Cəmiyyət olaraq da hər birimiz bu işin tənqidçisi deyil, tam əksinə
təbliğatçısı kimi çıxış etməliyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.