XƏYANƏT

“Göyçə-Zəngəzur Respublikası”. Xəyanətin yeni növü və adı. Siyasi profanların, düşüncə səfillərinin “ölü doğulmuş körpəsi”. Yarandığı andan etibarən bu “ideya”nın bələyi kəfən, beşiyi tabutdur. XƏYANƏT elə adın özünə yanaşmaqdan başlayır. Göyçə və Zəngəzur arasında tire işarəsi qoymaqla ikitirəlik yaratmaq istəyən bu cılız məxluqlar anlamalıdır ki, vaxtilə belə səriştəsizlərdən biri də Talış və Muğan arasında tire qoymaq istəyirdi-aqibəti hamıya bəllidir. Bəsirət gözü bağlanmış bu siyasi korların hərəkətlərini bəşərin “dönüklər” siyahısına düşənlərin heç birilə müqayisə etmək olmur. Nə Brutun dostu Sezara xəyanəti, nə “kollaborasionistlər”, “beşinci kolon”, nə Aruzun Qazan xana və oğuz elinə xəyanəti, nə də Səhl ibn Sumbatın Babəki satması… Tarixdə belə misallar yüzlərlədir. Amma beləsi, yəni belə ağlamalı və güməlisi indiyədək olmayıb. Həqiqətən də düz deyiblər-”Tarix iki dəfə təkrar olunur-birinci dəfə faciə, ikinci dəfə məzhəkə şəklində” Bax, əsl məzhəkə budur. Fantasmoqoriyadır. Vallah, sizə təkcə tarixi, coğrafiynı bilənlər deyil, bütün xalq gülür. Nə deyəsən, nə yazasan? Hətta el ilə gələn bəla da dözüləndir. Amma, bunlara Qriboyedovsayağı “Ağıldan bəla” gəlib. Nənəm demişkən, “ağlınıza keçə yamayım”… Ay, bu xalqın çörəyi, suyu ilə böyüyən nankorlar, ay, yastı salmanlar, birdəfəlik anlayın ki, ideya sarsaq olanda, “inqilab öz övladlarını yeyir”. Gilyotin məsələsi kimi…
…Amma, Azərbaycan xalqı hər şeyi çox gözəl bilir və qiymətləndirir-Qərbi Azərbaycan İcmasının tarixə, mənəvi dəyərlərə söykənən məramını da, bu alleqorik personajların məkrli niyyətini də. Zənnimcə, bu şarlatanlar belə çürük xəyallara söykənməkdənsə, hər gün bircə saat vaxt ayırıb, M.Ə.Sabiri, Ə.Haqverdiyevi, Mirzə Cəlili, M. F. Axundovu və adlarını çəkmədiyim başqa böyük söz sərraflarımızı oxusunlar. Çünki, oxuyub anlayacaqlarsa, elə bu kiçik siyahı da onlara yetər. Unutmayaq ki, Atatürk demişkən, “öz xalqının tarixini bilməyənlər başqa xalqlara yem olurlar”. Bəs kimdir bu cəfəng ideyanı ortaya atan? Nə istəyir? Tarixə düşmək, yoxsa tarixin zibilliyinə? Bəlkə “Herostrat şöhrəti” istəyir-əbədi söyüş və nifrət qazanmaq arzusuna düşüb?.. Doğrudanmı, bu “insanlar” üçün bu işin “Sizif əməyi” kimi mənasız oldiğunu anlamaq belə çətindir? Məgər bu “aglıdayaz” və “aglıgödəkləri” qandırmaq üçün rəndələyib, cilalayıb “Prokrust yatağı”na salmaq lazımdır?..
…Azərbaycanımızla bağlı ən böyük və sərrast deyimlər Müzəffər Ali baş Komandan İlham Əliyevin dilindən səslənir. Azərbaycanımızın tarixi torpaqları, irsi və mədən abidələri ilə bağlı məsələləri isə Qərbi Azərbaycan İcması İctimai Birliyinin ocagına yığışan ziyalılar araşdırır. Adamdan soruşarlar ki, bəs sizə nə düşüb? NƏ? Vətənpərvər, yurdsevər olmusunuz? Ay siz öləsiniz, az qala inanmışdım…Saxta adamların qondarma istəyi. Şair demişkən, “…Qızıldan bədənə qondarılan qol, Sınıb, əyri bitər, barmağa dəyməz…”
Nə isə… Milçək bir şey deyil, ürək bulandırır. Amma vaxtilə bu milçəyin kağıza saldığı kiçik bir ləkə sözün mənasını dəyişdiyi üçün Xaqani Şirvani həbsxanaya düşmüşdü. O, milçəyin, siz isə öz səhvinizin ucbatından dəmir barmaqlıqlar arasına düşə bilərsiniz. Axı, oyunu da qayda ilə oynayırlar… Bəli, bu XƏYANƏTDİR. “Sapı özümüzdən olan”ların kürəyimizə sapladığı xəncər… Yaddan çıxarmayın ki, üzünüzü geri çevirəndə qarşınızda bütöv bir xalqı görəcəksiniz-AZƏRBAYCAN XALQINI. Yeri gəlmişkən, qanunun aliliyini də unutmayın. Onu da unutmayın ki, tarix keçmişin siyasəti, siyasət gələcəyin tarixidir. Və nəhayət, “Bumeranq effekti” deyilən bir şey də var…

 

Namiq Həsənov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir