ADU-da Ülvi Bünyadzadənin xatirəsi anılıb (FOTO)

Bakı. Trend:

Sentyabrın 23-də Azərbaycan Dillər Universitetində (ADU) 20
Yanvar şəhidi, ADU-nun tələbəsi Ülvi Bünyadzadənin anadan olmasının
53-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Ülvi Bünyadzadənin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad
edilməsi ilə başlayan tədbirdə çıxış edən universitetin rektoru
akademik, Xalq yazıçısı Kamal Abdulla Ülvi Bünyadzadə haqqında
xatirələrini bölüşüb, onu yüksək mədəniyyətə malik vətənpərvər
tələbə kimi xatırlayıb:

“Mən Ülvini şəxsən tanıyırdım. Ona dərs demişəm. Ülvi mədəni,
həssas, nəcib, sadə, təmkinli və vətənpərvər insan idi. O,
vətənimizin gələcəyinə inanan şəxs kimi bu yolda öz həyatını qurban
verdi, qəhrəman kimi əbədiyyətə qovuşdu. Allah ona rəhmət eləsin!
İnanıram ki, onun ruhu bu gün şaddır. Çünki bugünkü Azərbaycan
Ülvinin arzuladığı Azərbaycandır. Prezident cənab İlham Əliyev
böyük cəsarətlə, ləyaqətlə Azərbaycanı xoşbəxt gələcəyə doğru
aparır. Biz öz gücümüzü addım-addım ermənilərə sübut edirik.
Prezidentimiz diplomatik yolla bütün dünya qarşısında Qarabağ
problemini bəyan edir, Azərbaycan həqiqətlərini dünyaya çatdırır,
ordumuz isə cəbhədə öz sözünü deyir. İndi bizim üçün sınaq
dövrüdür. Biz bu gün prezidentimizin ətrafında sıx birləşmişik.
Olduğumuz mövqedən asılı olmayaraq, lazım gələrsə, canımızı da bu
yolda fəda etməyə hazırıq. Ülvinin və bütün şəhidlərimizin xatirəsi
hər zaman qəlbimizdə yaşayacaq.”

Ülvi Bünyadazadənin bacısı, Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü Könül Bünyadzadə anım tədbiri üçün
universitet rəhbərliyinə təşəkkürünü bildirib, qardaşı haqqında
xatirələrini bölüşüb:

“Filosoflardan biri deyib ki, nə qədər insan kiminsə yadındadır,
deməli o, sağdır. Ülvi də bu universitetin, kollektivin,
rəhbərliyin, eyni zamnada ustadı Kamal Abdullanın və gənclərin
yadındadır. Ülvinin nəfəsini universitetdə yaşatdığınız üçün hər
birinizə təşəkkürümü bildirirəm”.

Tədbir zamanı universitetin Fransız dili və mədəniyyəti
mərkəzinin müdiri, professor Əsgər Zeynalov və Ülvi Bünyadzadənin
tələbə yoldaşı, universitetin əməkdaşı Gözəl Məmmədova Ülvi
Bünyadzadənin tələbəlik illərindən bəhs edib, onu təmiz qəlbli,
vətənpərvər, gözəl bir insan kimi xarakterizə ediblər.

Qeyd edilib ki, o, 1990-cı ildə tariximizə yazılan 20 Yanvar
gecəsində ölkəsinin azadlığı, xalqının dincliyi uğrunda şəhid olan
gənclərdən biri idi. Əlaçı tələbə olmaqla yanaşı, həm də
vətənpərvər gənc idi.

Daha sonra ADU-nun tələbələri Ülvi Bünyadzadənin şeirlərini
səsləndiriblər.

Qeyd edək ki, Ülvi Yusif oğlu Bünyadzadə 23 sentyabr, 1969-cu
ildə Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində ziyalı
ailəsində dünyaya göz açıb. Ülvi Bünyadzadə ibtidai təhsilini
Kəsəmən kəndində, orta təhsilini (1986) isə Daşkəsən şəhərində
alıb. 1987-ci ildə SSRİ-nin 50 illiyi adına APXDİ-nin ingilis dili
fakültəsinə daxil olub. Ülvi ərəb, fars, latın, özbək dillərində
(sərbəst öyrənməklə) yazıb-oxumağı, ingilis, rus dillərini isə
mükəmməl bilirdi. “Vətən üçün ölməliyik”, “Mən qorxmuram uzaq yola
çıxmaqdan”, “Qocalmaz, sevgi qocalmaz”, “Heyif ki…” və s…
şeirlərin müəllifidir. Ölümündən sonra ona “20 Yanvar şəhidi” fəxri
adı verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.