Azərbaycan Avropa Siyasi Birliyinin sammitinə dəvət olunub

Bakı. Trend:

Azərbaycan oktyabrın 6-7-də Çexiyanın paytaxtı Praqada
keçiriləcək Avropa Siyasi Birliyinin sammitinə dəvət alıb.

Trend-in “AFP” agentliyinə istinadən verdiyi məlumata görə,
sammitə Avropa İttifaqının (Aİ) 27 üzvündən başqa daha 17 ölkə
dəvət olunub.

Dəvətləri Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və
Çexiyanın Baş naziri, Aİ-nin hazırkı prezidenti Petr Fiala
imzalayıblar.

Azərbaycan, Türkiyə, Albaniya, Ermənistan, Bosniya və
Herseqovina, Gürcüstan, İslandiya, Kosovo, Lixtenşteyn, Moldova,
Monteneqro, Şimali Makedoniya, Norveç, Serbiya, İsveçrə, Ukrayna və
İngiltərə dəvət alıblar.

Aİ administrasiyası Avropa qitəsi ölkələrinin Avropa siyasi
birliyi ilə siyasi koordinasiyası üçün platforma yaratmağa çalışır.
Bunun ideyası Fransa prezidenti Emmanuel Makron tərəfindən irəli
sürülüb.

İdeya siyasi dialoq və əməkdaşlığı gücləndirməklə ümumi
maraqların həllinə, bununla da Avropada təhlükəsizliyin, sabitliyin
və rifahın artırılmasına yönəlib.

Oktyabrın 6-da Praqada keçiriləcək ilk iclasın yekunları üzrə
rəsmi açıqlamalar və ya rəsmi qərarlar gözlənilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.