Azərbaycan böyrək nəqlində qardaş Türkiyə təcrübəsindən istifadə edir – Şöbə müdiri

Bakı. Trend:

Azərbaycan böyrək nəqlində qardaş Türkiyə təcrübəsindən istifadə
edir.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Tibb Universitetinin
tədris cərrahiyə klinikasının transplantologiya şöbəsinin müdiri,
tibb üzrə fəlsəfə doktoru Anar Namazov bildirib.

O qeyd edib ki, artıq Azərbaycanda fərqli mərkəzlərdə 500-dən
çox böyrək nəqli əməliyyatı həyata keçirilib.

“Türkiyədə də ən çox böyrək köçürülən mərkəz Antalyadakı
“Akdeniz” Universitetidir. Azərbaycan Tibb Universiteti və eyni
zamanda, İstanbuldakı “Bilim” Univesiteti ilə müqavilə əsasında hər
iki universitetin təcrübəsi Azərbaycanda tərəfimizdən tətbiq
olunur”, -deyə o qeyd edib.

A.Namazov onu da əlavə edib ki, orqan nəqli sahəsində Koreyada
“Asan Medical Center” var və onların da təcrübəsi Azərbaycanda
geniş istifadə olunur.

Onun sözlərinə görə, Azərbaycanda və eləcə də, Qafqazda ilk dəfə
böyrək nəqli 1971-ci ildə mart ayının 4-də akademik Mirməmməd
Cavadzadə tərəfindən köçürülüb.

“Müstəqillik illərində, 2005-ci ildə Mirəsədulla Mirqasımov
adına Respublika klink xəstəxanasında professor Kamal Abdullayevin
rəhbərliyi ilə iranlı həkimlərin dəstəyi ilə bir neçə böyrək nəqli
olub. Azərbaycanda böyrək nəqli 2008-ci ildən sonra daha geniş
vüsət alıb və Mərkəzi Neftçilər Xəstəxanasında başlayan bu proses
günümüzdə sürətlə inkişaf etməkdədir”, – deyə A.Namazov qeyd
edib.

A.Namazov bildirb ki, böyrək köçürməsinə müxtəlif hallarda
ehtiyac ola bilər.
“Böyrəklərin vəziyyətinin sıradan çıxmasında, diabeti olan
xəstələrdə (diabetik nefropatiya), uzunmüddətli təzyiqdən
(hipertaniya) əziyyət çəkən xəstələrdə, anadangəlmə polikistoz
böyrəkdə, anadangəlmə irsi faktorlar böyrək köçürməsinə səbəb ola
bilər. Hazırda Azərbaycanda canlıdan canlıya böyrək nəqli icra
olunur. Lakin yaxın gələcəkdə ölmüş insanlardan da orqan nəqlinin
gerçəkləşəcəyi istisna edilmir”,- deyə o əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.