Bakıda polislərə hücum edən şəxsin məhkəməsi başlayıb

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtın Sabunçu rayonunda
qadınlara hədə-qorxu gələn, polis əməkdaşlarına müqavimət göstərən
Teymur Yolçuyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə
keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Teymur Yolçuyev elan olunmuş ittiham üzrə özünü təqsirli
bilməyib.

Növbəti proses oktyabrın 4-də davam edəcək.

İttihama görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis
bölməsinə bu il aprelin 29-da gecə saat 2:50-də Maştağa qəsəbəsində
yerləşən kafelərin birində münaqişə olması barədə məlumat daxil
olub. Dərhal polis əməkdaşları həmin ünvana gəliblər.

Araşdırma zamanı kafeni işlədən Ləman Heydərova Teymur adlı
şəxsin sərxoş vəziyyətdə bıçaqla onları hədələyərək 1000 manat pul
tələb etməsini, kafenin şüşələrini sındırmasını, işçilərdən birinə
isə bıçaqla xəsarət yetirərək getməsini bildirib.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa zamanda
həmin şəxsin yeri müəyyənləşdirilib.

Saxlanılması üçün ona yaxınlaşdıqda həmin şəxs bıçaqla polis
əməkdaşlarına hücum edib xəsarət yetirməyə cəhd göstərərkən xidməti
avtopatrul maşınını zədələyib. Bu zaman polis əməkdaşları tabel
silahından havaya iki dəfə xəbərdarlıq atəşi açıblar.
Buna baxmayaraq o, silahlı müqavimətini davam etdirdiyindən ayaq
nahiyəsinə atəş açılmaqla zərərsizləşdirilib. Polis əməkdaşları
dərhal ona ilkin tibbi yardım göstərib, yaxınlıqdakı xəstəxanaya
yerləşdiriblər.

Araşdırmalarla həmin şəxsin əvvəllər üç dəfə məhkum olunmuş
Maştağa qəsəbə sakini, 49 yaşlı Teymur Yolçuyev olduğu müəyyən
edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.