Bakının memarlığı və tarixində polyak izləri (FOTO/VİDEO)

Bakı. Trend:

Sentyabrın 21-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində
Azərbaycan və Polşa arasında diplomatik əlaqələrin qurulmasının 30
illiyi münasibətilə “Bakının memarlığı və tarixində polyak izləri”
adlı məruzə axşamı təşkil olunub.

Trend-in AZƏRTAC-a istinadən məlumatına görə, Azərbaycan
Mədəniyyət Mərkəzinin Azərbaycanın və Polşanın Avstriyadakı
səfirlikləri və Vyana Polyak İnstitutu ilə birgə təşkil etdiyi
tədbirdə Azərbaycan və Polşa diasporunun üzvləri, eləcə də Avstriya
ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla
Qasımova Azərbaycanın müxtəlif xalqların nümayəndələrinin dinc
birgə yaşadığı ölkə olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, bu
sırada polyak icmasının da adı var və kiçik olmasına baxmayaraq, bu
icmanın üzvləri Azərbaycan və Bakı şəhərinin tarixi, xüsusilə də
Bakının memarlığında silinməz izlər qoya biliblər.

Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova çıxışında bu il
Azərbaycan-Polşa münasibətlərində dörd əlamətdar yubileyin qeyd
edildiyini diqqətə çatdırıb. Bildirilib ki, bu il diplomatik
münasibətlərin qurulmasının 30 illiyi ilə yanaşı, orta əsrlər
Azərbaycanın Polşa Krallığı ilə tarixi əlaqələrinin 550 illiyi, iki
ölkə arasında strateji tərəfdaşlığın 5 illiyi və Papa II İoann
Pavelin Azərbaycana səfərinin 20-ci ildönümü ilə əlamətdardır.

Qeyd edilib ki, 20-ci əsrin əvvəllərində polyaklar Azərbaycanda
memar və hüquqşünas, mühəndis və ziyalı, müəllim və hərbi qulluqçu,
biznesmen və dövlət xadimi kimi fərqləniblər. Azərbaycan Xalq
Cümhuriyyətinin yaradılmasında da yaxından iştirak edən polyak
vətəndaşlarımız demək olar ki, bütün hökumət strukturlarında,
parlamentdə və məhkəmə sistemində təmsil olunaraq, Azərbaycanın
maraqları üçün səylərini əsirgəməyiblər.

Vyana Polyak İnstitutunun direktoru Monika Şmiqiel-Turley
Azərbaycanla Polşa arasındakı münasibətlərin yüksək səviyyədə
inkişafından məmnunluğunu ifadə edib və hətta Avstriyada – hər iki
ölkənin hüdudlarından kənarda da bu sıx əlaqələrin mövcud olduğunu
vurğulayıb. O, mədəniyyət mərkəzləri arasında əməkdaşlığın bundan
sonra da davam etdiriləcəyinə ümidvar olduğunu diqqətə
çatdırıb.

Sonra tanınmış aparıcı, “Bakının sirləri” verilişinin müəllifi
və aparıcı, şərqşünas və araşdırıcı Fuad Axundov Azərbaycandakı
polyak icmasının tarixi, Bakının inkişafı və memarlıq üslubunun
formalaşmasında xüsusi rol oynamış polyak əsilli memarlar və
mühəndislər barədə məruzə ilə çıxış edib. 19-cu əsrin sonu və 20-ci
əsrin əvvəllərində baş verən neft bumu barədə danışan F.Axundov bu
proses nəticəsində Bakı şəhərinin sürətlə inkişaf edən sənaye və
mədəniyyət mərkəzinə çevrildiyini, 1901-ci ildə dünya xam neftinin
yarıdan çoxunun məhz burada istehsal edildiyini, burada dünyada ilk
neft tankeri və ilk boru kəmərlərinin inşa olunduğunu diqqətə
çatdırıb.

Qeyd edilib ki, həmin dövrdə əhalinin sürətli artımı, sonrakı
onilliklərdə şəhəri formalaşdıracaq böyük etnik və mədəni
müxtəlifliyə səbəb olub. Polşa icması sayca az olmasına baxmayaraq,
Bakının ən nüfuzlu qruplarından biri sayılırdı və şəhərin sosial və
ictimai həyatında çox mühüm rol oynayırdı.

Bakı şəhərinin ilk merlərindən biri olan Stanislav
Despot-Zenoviçdən başlayaraq, Yozef Qoslavski, Yozef Ploşko,
Kazimierz Skoreviç və Yevgenius Skibinski kimi bir sıra görkəmli
memar və inşaat mühəndisləri Bakının abadlaşması, memarlıq
üslubunun formalaşması və günümüzə kimi Bakının gözəlliyinə rəng
qatan tarixi binaların tikintisinə rəhbərlik ediblər. Eyni zamanda,
polyak memarlar Şamaxı və Gəncədə də fəaliyyət göstəriblər.

Polyak memarları sayəsində Bakı şəhərinin “Qafqazın Parisi” kimi
şöhrət qazandığını diqqətə çatdıran F.Axundov polyak mühəndislərin
neft sənayesinin inkişafına da töhfələr verdiyini diqqətə çatdırıb.
Həmçinin qeyd edilib ki, əslən azərbaycanlı olan Polşanın milli
ordusunda və “Armija Krajowa”da Polşa uğrunda mübarizə aparmış
polkovnik Vəli bəy Yadigar və əslən polyak tatarı olan Azərbaycan
Xalq Cümhuriyyəti dövründə Azərbaycan Silahlı Qüvvələrinin Baş
Qərargah rəisi olmuş general Maçey Sulkeviçin həm Azərbaycanın, həm
də Polşanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şücaətlə
vuruşmuş qəhrəmanlarımızın xatirəsi hər birimiz üçün əzizdir.

Məruzədən sonra Avstriyada yaşayan musiqiçilər Fərid Feyzullayev
(skripka) və Piotr Yavorski (fortepiano) Azərbaycan və Polşa
bəstəkarlarının əsərlərindən ibarət klassik musiqi proqramı ilə
çıxış ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.