Beynəlxalq Astronavtika Federasiyasının bayrağı Azərbaycana təqdim olunub (FOTO)

Bakı. Trend:

Fransanın ev sahibliyi ilə keçirilən 73-cü Beynəlxalq
Astronavtika Konqresi bu gün başa çatıb. “Kosmos hamı üçün
əlçatandır” (Space for all) mövzusunda təşkil olunan tədbirdə 110
ölkədən 9300-dən çox nümayəndə iştirak edib.

Bağlanış mərasimində Azərkosmosun İdarə heyətinin sədri Saməddin
Əsədov 2023-cü ildə Azərbaycanda keçiriləcək 74-cü Beynəlxalq
Astronavtika Konqresi haqqında təqdimatla çıxış edib, dövlət
qurumları, özəl şirkət və elmi cəmiyyətləri tədbirdə iştirak üçün
Bakı şəhərinə dəvət edib.

Daha sonra Azərbaycanın kosmik sahədə gördüyü işlər, ölkənin
tarix, mədəniyyət və turizm imkanlarını əks etdirən videoçarx
nümayiş olunub.

Beynəlxalq Astronavtika Federasiyasının bayrağı 74-cü konqresə
ev sahibliyi edəcək Azərbaycanın nümayəndə heyətinə təqdim
edilib.

Federasiyanın üzvləri, Büro və komitələri Bakının belə bir
əhəmiyyətli tədbirə ev sahibliyi etməsindən məmnun olduqlarını
ifadə ediblər.

Konqres günlərində Azərkosmosun nümayəndə heyəti çoxlu sayda
plenar iclas, elmi konfrans, texniki sessiya və biznes görüşlərinə
qatılıb. Beynəlxalq kosmik ictimaiyyətin gələn il Azərbaycanda
keçiriləcək növbəti tədbirə dəvət olunması ilə bağlı aktiv
təbliğat-təşviqat işləri aparılıb.

Həmçinin konqres çərçivəsində keçirilən elmi sessiya və texniki
proqramlarda Azərbaycanın professor və gənc mütəxəssisləri kosmos
sahəsində elmi tədqiqat işlərini geniş auditoriyaya təqdim ediblər.
Beynəlxalq Astronavtika Federasiyası Azərbaycandan ümumilikdə 34
elmi məqalə qəbul edib. Həmin elmi yazılarda kosmosda hüquq,
kosmosda yeni növ teleskopların qurulması, məsafədən müşahidə
peykləri vasitəsilə iqlim dəyişikliyinin dəyərləndirilməsi
istiqamətində həllər, kosmik elm, təhsil və tədris sahəsində
“Cansat Azərbaycan” kimi model peyk yarışlarının əhəmiyyəti və
regional səviyyədə keçirilməsi və digər mövzular əksini tapıb.

Qeyd edək ki, Bakı ilk dəfə 1973-cü ildə Beynəlxalq Astronavtika
Konqresinə ev sahibliyi edib. 50 ildən sonra qlobal kosmos
ictimaiyyəti yenidən Azərbaycanda toplanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.