Beynəlxalq Sahilyanı Təmizlik Günü münasibətilə təmizlik aksiyası keçirilib (FOTO)

Bakı. Trend:

Beynəlxalq Sahilyanı Təmizlik Günü ilə əlaqədar sentyabrın 23-də
IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi,
Azərbaycan Gənclər Fondu və “Təmiz Şəhər” ASC-nin birgə
təşkilatçılığı ilə ənənəvi sahilyanı təmizlik aksiyası təşkil
edilib.

Birlikdən Trend-ə bildirilib ki, “Sahillər təmiz qalsın” şüarı
altında Bilgəh çimərliyi ərazisində təşkil edilən aksiyaya 150
nəfərdən çox könüllü gənc, tərəfdaş təşkilatların nümayəndələri
qoşulub.

Tədbirin əsas məqsədi dəniz sahillərində təmizliyə riayət
olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları
ilə zibillənməsinin qarşısını almaq və bütün gəncləri dənizətrafı
mühitin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.

Tədbir zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş
aksiya iştirakçıları topladıqları tullantıları çeşidləyərək
çimərliklərdə ən çox müşahidə olunan zibilləri müəyyən ediblər.
Tullantıların toplanması prosesini daha effektiv təşkil etmək
məqsədilə əraziyə xüsusi texnika da cəlb olunub. Daha sonra bütün
tullantılar Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi
Zavoduna təhvil verilib.

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA
İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü
ilə baxımsız sahilyanı ərazilərin tullantılardan təmizlənməsi və
abadlaşdırılması, insanların rahat istirahət etməsi üçün lazımi
şəraitin yaradılması, ictimai sağlamlıq və gigiyenanın
yaxşılaşdırılması, eləcə də ekoloji və sosial məsuliyyətin təşviq
edilməsi məqsədilə paytaxtımızda ictimai çimərliklər yaradılıb.
IDEA İctimai Birliyinin təşkilatçılığı ilə Şıx, Goradil, Novxanı,
Buzovna, Pirşağı və Sahil qəsəbə çimərliklərinin ərazisində olmaqla
ümumilikdə 6 ictimai çimərlik əhalinin istifadəsinə verilib. Eyni
zamanda, ölkədə ilk dəfə olaraq, Şıx çimərliyində əlilliyi olan
şəxslərə müyəssərliyin təmin edilməsi məqsədi ilə lazımi şərait
yaradılıb. Bu cür infrastrukturun digər ictimai çimərliklərdə də
yaradılması nəzərdə tutulur.

IDEA İctimai Birliyi, təşkil edilən təmizlik aksiyalarında
xüsusi fəallıq göstərən, dünyanı yaxşılığa doğru dəyişməyə özündən
başlayan, Planetimizi gözəlləşdirməkdə öz dəstəyini əsirgəməyən
bütün könüllülərə və tərəfdaş təşkilatlara dərin minnətdarlığını
bildirir, hamını indiki və gələcək nəsillərin rifahı naminə
birləşməyə və təbiətin bizə bəxş etdiyi nemətlərə həssas yanaşmağa
çağırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.