Binəqədidə narkokuryerlik edən taksi sürücüsü saxlanılıb (FOTO/VİDEO)

Bakı. Trend:

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik
vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar
davam etdirilir. Ötən gün baş tutan sonuncu əməliyyatlar zamanı
narkokuryerliklə məşğul olan Kamran Talıbov Binəqədi qəsəbəsi
Gülüstan küçəsi ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, onun
taksi fəaliyyəti ilə məşğul olduğu “Opel” markalı avtomobilin yük
yerinə baxış zamanı 3 kiloqram heroin aşkar olunaraq götürülüb.

İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat
zamanı narkotiklərin satışı ilə məşğul olan daha bir nəfər – Səid
Məmmədov da tutularaq istintaqa təqdim edilib. Onun üzərində şəxsi
axtarış aparılan zaman 3 kiloqramdan artıq heroin aşkar edilib.

Qeyd edək ki, Kamran Talıbov və Səid Məmmədov ifadələrində
xarici ölkələrdən birində yaşayan narkotacirlərlə əlaqə yaradaraq
onların Bakı şəhəri ərazisində maddi qazanc müqabilində
narkokuryerlik təklifi ilə razılaşdıqlarını bildiriblər. Kamran
Talıbovun həmin narkotacirlərlə əlaqəyə girməsi həyata keçirilən
əməliyyat-texniki tədbirlərlə sübuta yetirilib. Xaricdən ölkə
ərazisinə narkotik vasitələri qaçaqmalçılıq yolu ilə göndərən qadın
və onun oğlu olduğu ehtimal edilən daha bir nəfərin şəxsiyyətinin
müəyyənləşdirilməsi və onların yaşadıqları ölkənin hüquq-mühafizə
orqanlarının əməkdaşları tərəfindən saxlanılması istiqamətində
tədbirlər davam etdirilir.

Faktlarla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq
Şöbəsində Cinayət İşləri başlanılıb. Kamran Talıbov və Səid
Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri
seçilib. Bu şəxslərin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin
saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.