Bir neçə qanuna dəyişiklik edilir

Bakı. Trend:

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq
komitəsində “Büdcə sistemi haqqında”, “İşsizlikdən sığorta
haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun
layihəsi müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, “Büdcə sistemi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 2021-ci il 24 dekabr tarixli 440-VIQD nömrəli
Qanununun (bundan sonra – Qanun) tətbiqini təmin etmək məqsədilə
hazırlanıb.

Adıçəkilən Qanunla büdcədənkənar fondların həm də hüquqi şəxs
yaratmadan müstəqil pul vəsaitlərinə malik məqsədli dövlət maliyyə
fondları kimi təsis edilə bilməsi müəyyən olunur. Dövlət borcu və
zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun gəlir və xərcləri icmal
büdcədən istisna edilir.

Bəhs olunan Qanunla büdcə qaydasını tənzimləyən maddə yeni
redaksiyada verilir. Yeni redaksiya ilə ortamüddətli dövr üzrə
icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili
məhsula olan nisbət göstəricisi və dövlət borcunun ümumi daxili
məhsula olan nisbətinin Azərbaycan Respublikası Prezidenti
tərəfindən müəyyən edilən yuxarı hədlərdən çox ola bilməməsi və bu
yuxarı hədlərin isə Azərbaycan Respublikası Nazirlər Kabineti
tərəfindən müəyyən edilən xam neftin ixrac qiyməti əsasında
hesablanması müəyyən edilir.

Dövlət büdcəsinin layihəsi ilə birlikdə hazırlanan və Milli
Məclisə təqdim olunan sənədləri tənzimləyən maddədən Azərbaycan
Respublikasının ərazisi üzrə toplu maliyyə balansı və növbəti büdcə
ili üzrə gəlirlərin və xərclərin ötən ilin faktiki və cari ilin
gözlənilən nəticələri ilə (gəlirlərin təsnifatı üzrə, xərclərin
funksional, iqtisadi və təşkilati təsnifatının paraqrafları
səviyyəsində) müqayisəsi çıxarılır və həmin maddədə digər
dəyişikliklər edilir. Büdcə təşkilatlarının və dövlət büdcəsindən
maliyyə yardımları alan təşkilatların həmin vəsaitlərdən istifadə
barədə aylıq hesabatları ləğv edilir. Dövlət borcu və zəmanəti üzrə
öhdəliklərin Təminat Fondunun hüquqi şəxs yaratmadan müstəqil pul
vəsaitlərinə malik büdcədənkənar fond olması müəyyən edilir.

Dövlət büdcəsi ilə büdcədənkənar dövlət fondları arasında
qarşılıqlı əlaqəni tənzimləyən maddədə bir sıra dəyişikliklər
edilir. Büdcədənkənar dövlət fondlarının idarə olunması, onların
vəsaitlərinin istifadəsi və uçotunun həmin büdcədənkənar dövlət
fondlarının fəaliyyətini tənzimləyən qanunlara və digər normativ
hüquqi aktlara uyğun həyata keçirilməsi müəyyən edilir. Dövlət
büdcəsinin, büdcədənkənar dövlət fondlarının büdcələrinin tərtibi,
icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinin
tədbirlər planı vasitəsilə həyata keçirilməsi “Büdcə sistemi
haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun)
1.1.31-1-ci maddəsində nəzərdə tutulan büdcədənkənar dövlət
fondlarına aid edilir.

Həmçinin qanunda hüquqi şəxs yaratmadan təsis edilmiş
büdcədənkənar dövlət fondlarının xərclərinin yuxarı həddi həmin
fondların büdcə ilinin əvvəlinə olan qalığından və il ərzində
mədaxil olunacaq vəsaitin cəmindən yuxarı ola bilməməsi, onların
maliyyə əməliyyatları barədə illik hesabatları dövlət büdcəsinin
icrası barədə hesabatla birgə təqdim olunmaması müəyyən edilir.

Qeyd olunan dəyişikliklər qanunda daxili ziddiyyətin aradan
qaldırılması, eləcə də “İşsizlikdən sığorta haqqında” və “Hesablama
Palatası haqqında” qanunlarda dəyişiklik edilməsi zərurətini də
yaratmışdır.

Onlar aşağıdakılardır:

Qanun layihəsinin 1-ci maddəsi üzrə verilən təkliflər:
Qanunun 12-ci maddəsindən Azərbaycan Respublikasının ərazisi üzrə
toplu maliyyə balansının (12.1.9) çıxarılması səbəbindən həmin
sənədi hazırlayan Maliyyə Nazirliyinin təklifi ilə Qanundan “toplu
maliyyə balansı” anlayışının (maddə 1.1.22) çıxarılması nəzərdə
tutulur.

Qanunun 27.2-ci maddəsinə əsasən, büdcədənkənar dövlət
fondlarının xərcləri icmal büdcənin xərclərinə daxil edilərkən
Dövlət Neft Fondunun əməliyyat xərcləri və beynəlxalq banklarda və
digər maliyyə institutlarında vəsaitin yerləşdirilməsi ilə bağlı
olan xərclər isə istisna edilir. Bu hal isə yeni daxil edilən
1.1.31-2-ci maddə ilə ziddiyyət yaratdığı üçün həmin xərclərin
sonuncu maddə də istisna edilməsi zərurətini yaradır.

Qanunun 15.4-cü və 19.5-ci maddələrinə edilən dəyişikliklər
redaktə baxımından dəqiqləşmə və Vergi Məcəlləsinin 22-1.3-cü
maddəsi ilə ziddiyyətin aradan qaldırılması məqsədini daşıyır.

Qanunun 27.9-cu maddəsində hüquqi şəxs yaratmadan təsis edilmiş
büdcədənkənar dövlət fondlarının maliyyə əməliyyatları barədə illik
hesabatlarının dövlət büdcəsinin icrası barədə hesabatla birgə
təqdim olunması; Qanunun 27.5-ci maddəsinə görə isə Qanunun
1.1.31-1-ci maddəsində nəzərdə tutulan büdcədənkənar dövlət
fondlarının gəlir və xərclərinə dair hesabat formaları və onların
təqdim edilməsi dövriliyi Hesablama Palatasının və büdcədənkənar
dövlət fondlarının rəyi nəzərə alınmaqla, Maliyyə Nazirliyi
tərəfindən müəyyən edilir. Həmin büdcədənkənar dövlət fondları bu
hesabatları ölkə Prezidentinə, Maliyyə Nazirliyinə və Hesablama
Palatasına təqdim etməklə rübdə bir dəfə mətbuatda dərc etdirirlər.
Ziddiyyətə yol verilməməsi üçün hüquqi şəxs yaratmadan təsis
edilmiş büdcədənkənar dövlət fondları olan dövlət sosial müdafiə
fondu və işsizlikdən sığorta fondu 27.9-cu maddədə istisna
olunur.

Qanun layihəsinin 2-ci maddəsi üzrə verilən təkliflər:
Qanunun 1.1.5-ci, 1.1.31-1-ci və 1.1.31-2-ci maddələrini nəzərə
alaraq, işsizlikdən sığorta fondunun hüquqi şəxs yaratmadan təsis
edilmiş büdcədənkənar dövlət fondu olmasının dəqiq əks olunması
üçün “İşsizlikdən sığorta haqqında” Qanunun 20.1-ci maddəsinə
dəyişiklik təklif olunur.

Qanun layihəsinin 3-cü maddəsi üzrə verilən təkliflər:

2021-ci il 24 dekabr tarixli 440-VIQD nömrəli Qanunla 27.7-ci
maddəyə edilən dəyişikliyə əsasən, Hesablama Palatası yalnız “Büdcə
sistemi haqqında” Qanunun 1.1.31-1-ci maddəsində nəzərdə tutulan
büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələrinə və həmin
büdcədənkənar dövlət fondlarının icrasına dair illik hesabatlara
rəy verir. Bunu nəzərə alaraq, “Hesablama Palatası haqqında” qanuna
dəyişikliklər təklif edilir.
Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına
tövsiyə olunub.

Eyni zamanda büdcə ssudaları, icmal büdcə xərclərinin yuxarı
həddi, icmal büdcənin qeyri-neft baza kəsiri və ortamüddətli dövr
anlayışları yeni redaksiyada verilir. Həmçinin Qanuna yeni
transfert, icmal büdcənin gəlirləri və icmal büdcənin xərcləri
anlayışları əlavə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.