BNA marşrutlardakı avtobus sayının azlığına aydınlıq gətirib

Bakı. Trend:

Son günlər ictimai nəqliyyatın səmərəli fəaliyyəti geniş
müzakirə olunmaqdadır ki, bu da təbiidir. Çünki söhbət gündəlik 1.5
milyonadək sərnişin daşınmasından gedir. Bildiririk ki, bəzi
hallarda mövzu ilə bağlı obyektivlikdən uzaq fikirlər səslənir ki,
bu da cəmiyyətdə çaşqınlıq yaradır və bu sahədə həyata keçirilən
tədbirlərin səmərəsini azaldır. Bu səbəbdən də bəzi məqamlara
aydınlıq gətirilməsini zəruri hesab edirik.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə
bildirilib.

“Hazırda Bakı şəhərinin nəqliyyat sisteminin idarəedilməsinin
əsasında müasir çağırış olan şəhər mobilliyi prinsipləri dayanır.
Bu prinsiplər ilk növbədə ictimai nəqliyyatın prioritetliyini, onun
səmərəli fəaliyyətinin təmin edilməsini nəzərdə tutur. BNA
tərəfindən həyata keçirilən bütün tədbirlər bu istiqamətlərin
reallaşdırılmasına yönəlib. İctimai nəqliyyata tələbatın
qarşılanması üçün zəruri tədbirlərin həyata keçirilməsi BNA-nın
gündəlik fəaliyyətinin prioritetidir.

Son vaxtlar avtobusların hərəkət qrafiklərinin pozulması hallarının
artmasının əsas səbəbi şəhərdə pik həddə çatan avtomobilləşmədən
qaynaqlanan tıxac problemidir. Aparılmış təhlillər əsasında illər
öncə bu problemin daha kəskin hal alacağı BNA tərəfindən
proqnozlaşdırılmış, bunun qarşısının alınmasının alternativsiz həll
yolu kimi müasir şəhər mobilliyi prinsiplərinin tətbiqinin
zəruriliyi ilə təşəbbüslər göstərilmiş və müəyyən hissəsinin
reallaşdırılmasına nail olunub. Konkret olaraq xüsusi avtobus
zolaqlarının bütün marşrut şəbəkəsi boyunca təşkilinə nail
olunmalıdır. Yalnız bu məsələ həllini tapdıqdan sonra avtobusların
qrafik üzrə hərəkəti böyük ölçüdə təmin olunacaq. Yəni mövcud
vəziyyət qrafikdən yayınma deyil, tıxac səbəbindən qrafikə əməl
olunmasının yaratdığı mənzərədir. İndiki vəziyyətdə avtobus sayının
artırılması məsələnin həlli yolu deyil. Avtobus sayına gəldikdə
isə, bu sahədə də müəyyən çatışmazlıqların olması reallıqdır. Bu
reallıq aşağıdakılarla şərtlənir:

İlk növbədə, bu, pandemiyanın ictimai nəqliyyat sektoruna
vurduğu və hazırda da “domino effekti” ilə davam edən zərbədir.
Pandemiyanın bu sahəyə mənfi təsiri, sərt karantin rejimində
ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan qadağalar,
avtobuslarla daşınan sərnişin dövriyyəsinin kəskin (2 dəfə) aşağı
düşməsi ilə xarakterizə edilir. Bununla yanaşı, metro ilə
sərnişindaşımaların dayandırılması avtobusların normadan artıq
yüklənməsi ilə nəticələnib. Bu da öz növbəsində təmir xərclərinin,
reqlamentdən kənar təmirin intensivliyini artıraraq, maliyyə
sabitliyinin əldə edilməsini mümkünsüz edib. Sərt karantin dövründə
ehtiyat hissələrinin gətirilməsinin mümkün olmaması da təmirlərin
reqlamentlərə uyğun aparılmasına ciddi mənfi təsir göstərmişdir.
İctimai nəqliyyatın fəaliyyəti məhdudlaşdırılan hər həftəsonu
avtobusla sərnişindaşıma xidməti göstərən daşıyıcılar sabit
xərclərin mövcudluğu fonunda 650 min manat gəlirdən məhrum olub. Bu
günlərin sayı isə 2020-2021-ci illər ərzində ümumilikdə 170 günə
yaxındır.

Xatırlatmaq istərdik ki, fəaliyyət göstərdiyi 5 il ərzində
əməliyyat xərclərini öz gəlirləri hesabına qarşılayan “Baku Bus”
MMC-nin qeyd olunan səbəblərdən təkcə 2020-ci li üçün gəlirləri 2
dəfədən artıq azalıb, nəticədə müəssisə kreditor borcları ilə
üzləşib. Bu mənfi tendensiya hazırda da davam etməkdədir. Bu da
daşıyışılar tərəfindən reqlamentlərə uyğun təmirlərin tam həcmdə
həyata keçirilməsini qeyri mümkün edib və təmirə dayanan
avtobusların sayının normadan artıq olmasına səbəb olub. Hazırda
ötən il dövlətin bu sahəyə növbəti dəstəyi nəticəsində alınan 320
ədəd müasir avtobus istismara hazırlanır və sərnişindaşımalarda
əhəmiyyətli paya sahib olan “BakuBus” MMC-yə verilməklə yaxın
günlərdə mərhələli şəkildə daşımalara cəlb olunacaq. Bunun
sayəsində də avtobusların sayı tələbata tam uyğunlaşdırılacaq.

Məsələnin uzunmüddətli perspektivdə dayanıqlı həlli yolu isə
daşıyışılarla münasibətlərin yeni modelinə keçiddir. Bakı Nəqliyyat
Agentliyi tərəfindən ictimai nəqliyyatın hazırkı inkişaf
mərhələsində daha qabaqcıl tənzimləmə və maliyyələşdirmə modelinə
keçid konsepsiyasını hazırlanıb və hazırda aidiyyəti qurumlarla
müzakirə mərhələsindədir. Yeni modelin tətbiqi sərnişindaşıma
keyfiyyətinin yaxşılaşdırılması, dayanıqlı maliyyə modelinin
qurulması, avtobus parkının davamlı yenilənməsi, sektorda
fəaliyyətin tam şəffaflaşdırılması, yeni iş yerlərinin açılması,
ictimai nəqliyyata nəzarət sisteminin səmərəliliyinin artırılması
və ətraf mühitə mənfi təsirin azaldılması ilə müşayiət
ediləcəkdir.

Avtobusla sərnindaşımanın səmərəliliyi üzrə qeyd olunan bu
məsələlərin həlli qanunsuz sərnişindaşıma fəaliyyətinin də aradan
qalxmasına gətirib çıxaracaq. Qanunsuz sərnişindaşımalar
daşıyışıların gəlirlərini azaltmaqla yanaşı, illər üzrə yaradılmış
sistemə də ciddi mənfi təsir göstərir.

Bu yolu bizimlə birgə addımlayan hər kəsə təşəkkürümüzü
bildirir, həyata keçirilən dövlət islahatlarına dəstəkləməyə və sıx
əməkdaşlığa dəvət edirik”, – məlumatda deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.