Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə görüşüb

Bakı. Trend:

Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək
səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin
prezidenti Peter Maurer ilə görüşüb.

XİN-dən Trend-ə bildirilib ki, görüşdə Azərbaycan ilə BQXK
arasındakı uzun illərdən bəri mövcud olan əməkdaşlığın cari
vəziyyəti və perspektivləri, habelə Ermənistanın təxribatı
nəticəsində meydana gəlmiş vəziyyət və BQXK-nın mümkün dəstəyi
barədə fikir mübadiləsi aparıldı.

Nazir Ceyhun Bayramov BQXK-nın humanitar sahədə Azərbaycanın
əsas tərəfdaşlarından olduğunu qeyd edərək, itkin düşmüş şəxslərlə
bağlı məlumatın əldə edilməsi, 3800-dən çox azərbaycanlının
taleyinin müəyyən edilməsi üçün müvafiq işlərin davam
etdirilməsinin və Ermənistana bu istiqamətdə təzyiq göstərilməsinin
vacibliyini vurğuladı.

BQXK Prezidenti Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığa
daim açıq olduğunu və bu illər ərzində həyata keçirilən iş
birliyindən məmnun olduqlarını ifadə etdi. Son gərginləşmədən sonra
bölgədə fəal surətdə tərəflərlə təmasda olduğu və ölkəmiz
tərəfindən göstərilən dəstəyə görə minnətdarlıq bildirdi.

Eyni zamanda, Azərbaycanın azad edilmiş ərazilərində mina
məsələsi və törətdiyi fəlakətlər, mina probleminin nəticələrinin
aradan qaldırılmasında Azərbaycanla BQXK arasında mümkün əməkdaşlıq
üzrə fikir mübadiləsi aparıldı.

Görüşdə tərəflər, həmçinin humanitar fəaliyyət ilə bağlı
qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.