FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Bakı. Trend:

FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.

Trend-in məlumatına görə, müraciətdə deyilir:

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sentyabrın
23-dən 24-nə keçən gecədən başlayaraq tədricən ayın 26-dək ölkə
ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, ayrı-ayrı yerlərdə
güclü külək əsəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı,
bir sıra ərazilərdə leysan xarakterli intensiv olacağı, dolu
düşəcəyi, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi
proqnozlaşdırılır.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə
müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq
təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, gözlənilən güclü küləklə əlaqədar yüngül konstruksiyalı
və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq
durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında
dayanmamaq tövsiyə olunur.

Həmçinin, güclü külək zamanı baş verən yanğının sürətlə yayılma
riskini nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi
riayət edilməlidir.

Bundan əlavə, yağıntıların səbəb ola biləcəyi daşqın və seldən
qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaq, bu
təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq
tövsiyə olunur.

Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik
cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil,
taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti,
ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür
ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer
seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri
qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.