İstintaqa narkotikin təsiri altında ifadə vermişəm – Azyaşlı oğlunu yerə çırpan şəxs

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtın Yasamal rayonunda
azyaşlı oğluna xəsarət yetirməkdə təqsirləndirilən Samir
Ağakərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə
keçirilən prosesdə ifadə verən Samir Ağakərimov bildirib ki, hadisə
günü həyat yoldaşı Pərvanə ilə dalaşıb: “Evin təmiri ilə bağlı
əşyaları çıxarıb həyətdə iş görürdüm. Həyat yoldaşımla davamız
oldu. Uşağı tullamaq yadıma gəlmir”.

İki ailəsi olduğunu deyən təqsirləndirilən şəxsin sözlərinə
görə, özü internatda böyüyüb: “Pərvanə də yetim idi. Biz
bir-birimizi sevib evlənmişik. Aramızda problem olmayıb”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə baş verən zaman
narkotikin təsiri altında olub: “Hadisə günü də psixotrop maddə
qəbul etmişdim. Buna görə də hadisənin baş verməsini xatırlamıram.
Məni prokurorluğa apardılar. Dedilər ki, ifadə ver. Bildirdim ki,
özümdə deyiləm, necə ifadə verim?”.

O deyib ki, həyat yoldaşı ilə ev əşyalarını atmaları üstündə
mübahisələri yaranıb: “Ola bilər ki, uşağı döşəyin üstünə atmışam.
O zaman xəsarət alıb. Uşağı möhkəm yerə çırpmamışam. Belə bir halın
olmasını da xatırlamıram”.

Samir Ağakərimov deyib ki, paytaxtın müxtəlif yerlərində
fəhləlik edib və ailəsini dolandırıb. Onun sözlərinə görə, son iki
ildə işsiz olub.

Samir Ağakərimovun ibtidai istintaqla məhkəmədə verdiyi ifadələr
arasında ziddiyyətlər yarandığından onun istintaqa verdiyi ifadəsi
elan edilib.

Samir Ağakərimov istintaqa verdiyi ifadəsində deyib ki,
arvadının başqası ilə münasibətinin olmasından şübhələnib, buna
görə də onu izləyib. O, həmçinin ifadəsində göstərib ki, azyaşlı
oğlunun onun övladı olmadığına şübhələr yaranıb. Samir Ağakərimov
deyib ki, istintaqa ifadə verən zaman narkotikin təsiri altında
olub, buna görə də nə danışdığını bilməyib. O, istintaqa verdiyi
ifadəsini təsdiq etməyib.

İttihama görə, Yasamal rayon Polis İdarəsinin 29-cu polis
şöbəsinə bu ilin aprelin 26-da saat 16 radələrində 30 yaşlı Samir
Ağakərimovun 1 yaşlı oğlunu evdən həyətə tullaması nəticəsində
uşağın kəllə-beyin travması xəsarəti ilə xəstəxanaya
yerləşdirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində
Samir Ağakərimov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil
verilib.

Onun barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi (qəsdən
sağlamlığa ağır zərər vurma – xüsusi amansızlıqla, o cümlədən
zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə
təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı
törədildikdə) ilə cinayət işi başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.