Laçın rayonu yaxın gələcəkdə ölkə iqtisadiyyatına mühüm töhfələr verəcək – Səttar Möhbalıyev

Bakı. Trend:

“Bu gün hər birimiz uzun illər işğal altında olan Laçın
şəhərində böyük əzəmətlə dalğalanan üçrəngli, ay-ulduzlu
bayrağımızı görəndə qəlbimiz fərəh hissi ilə dolur. Müzəffər Ali
Baş Komandan cənab İlham Əliyev sentyabrın 21-də şəhərin mərkəzində
bayrağımızı ucaldarkən bir daha bildirdi ki, bu bayraq burada əbədi
dalğalanacaq. Məlumdur ki, işğala qədər mühüm geostrateji mövqeyə
malik Laçın Azərbaycanın inkişaf etmiş rayonlarından biri olub.
Lakin rayonun işğal olunması ölkəmizin iqtisadiyyatına xeyli ziyan
vurdu, dövlət və xüsusi mülkiyyətə zərər yetirildi, əhalisi etnik
təmizləməyə məruz qaldı. Ermənistanın vandal əməllərinin izləri
burada da dərindir. Rayonun təbii resursları talan edilirdi, gəlir
mənbəyi kimi istifadə olunurdu. Onlar yaşayış məntəqələrinin
coğrafi adlarını dəyişərək özününküləşdirməyə çalışırdılar.
Həmçinin beynəlxalq hüququn bütün prinsiplərini tapdalayaraq
Suriyadan, Livandan olan erməni əsilli qaçqınlar məqsədyönlü
şəkildə həmin ərazilərə köçürür, demoqrafik tərkibin dəyişdirilməsi
kimi qeyri-qanuni əməllərə əl atırdılar. Azərbaycan dəfələrlə bu
hərbi cinayət barədə beynəlxalq təşkilatları məlumatlandırmışdı,
xüsusilə münaqişənin həlli missiyasını öz üzərinə götürmüş Minsk
qrupunu. Yenə də onlar təcavüzkar dövlətin bu kimi hərbi
cinayətlərinə, digər çirkin əməllərinə laqeyd yanaşır, müxtəlif
bəhanələrlə münaqişənin həlli prosesini ləngidirdilər. Bir sözlə,
Minsk qrupu nümayiş etdirdiyi ədalətsiz mövqe və ikili standartlar
səbəbindən öz vəzifələrini icra edə bilmədi. Bu missiyanı müzəffər
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
Silahlı Qüvvələri şərəflə yerinə yetirdi, beynəlxalq hüququn
Ermənistan tərəfindən pozulmuş prinsiplərini bərpa etdi, separatçı
qüvvələrə tutarlı dərs verdi, işğalçı ordunu məhv etdi. Bu, tarixi
bir missiya idi ki, Azərbaycan Ordusu bunun öhdəsindən cəmi 44 günə
gələrək tarixi ədaləti bərpa etdi”.

Bu fikirləri KİV-yə açıqlamasında Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.

“Ermənistan tərəfi hələ də reallıqları qəbul etmək istəmir,
hərbi təxribatlara əl atır, mina terrorunu davam etdirir. Bu onu
göstərir ki, Azərbaycanın sülh çağırışlarına adekvat cavab vermək
niyyətlərində deyillər. Anlamırlar ki, qalib ölkənin bütün səyləri
regionda sülh və sabitliyə əsaslanır, ümumilikdə regionun
hərtərəfli inkişafını hədəfləyir. Gərək onlar bu ilin 13
sentyabrında baş verən hadisələrdən ciddi nəticə çıxarsınlar.
Bilsinlər ki, bu kimi əməlləri ilə düşdükləri bataqlıqda daha da
dərinliyə enəcəklər. Prezident İlham Əliyev Laçın şəhərində bir
daha bəyan etdi ki, “əgər düşmən bizə qarşı təxribat törədəcəksə,
layiqli cavabını verəcəyik”. Odur ki, onların yeganə xilas yolu
qalib ölkənin diktə etdiyi sülh təklifidir, bununla
razılaşmalıdırlar”, – Milli Məclisin deputatı bildirib.

“Bu gün Laçın rayonu ərazisində sürətli və sistemli
abadlıq-quruculuq işləri həyata keçirilir, avtomobil yolları,
enerji və su təchizatı, daxili infrastrukturlar yaradılır, yaşayış
məskənləri salınır. Görülən bütün işlər Prezident İlham Əliyevin
şəxsi nəzarətindədir. Dövlətimizin başçısı rayona səfər edərək
görülən işlərlə maraqlanır və hər səfərində hansısa obyektin ya
açılışını edir, ya da təməlini qoyur. İnanırıq ki, yaxın gələcəkdə
Laçın ölkəmizin inkişaf etmiş rayonlarından biri olacaq, əraziyə
qayıdacaq sakinlər öz ata-baba yurdunda əbədi və xoşbəxt
yaşayacaqlar”, – S.Möhbalıyev qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.