Mənzil alarkən dələduzluq faktları ilə rastlaşmamaq üçün nə etməliyik?

Bakı. Trend:

Azərbaycanda tikinti şirkətləri tərəfindən eyni mənzilin bir
neçə nəfərə satılması hallarına rast gəlinir. Bəs necə edək ki,
mənzil alarkən belə dələduzluq faktları ilə rastlaşmayaq?

Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Azadov
Trend-ə bildirib ki, son illər ölkəmizdə bir mənzili bir neçə şəxsə
satması ilə bağlı hallar xeyli azalıb.

Onun sözlərinə görə, əvvəllər belə dələduzluq hallarına çox rast
gəlinirdi.

“Lakin belə faktlar azalsa da, yox deyil. Zərərçəkənlər belə
olduqda məhkəmələrə müraciət edirlər. İnsanlarımız mənzil alarkən
dələduzluqla üzləşməmək üçün çox ehtiyatlı olsunlar. Dələduzluqla
üzləşməmək üçün vətəndaşlara tövsiyə edərdim ki, mənzil alarkın
öncə tikinti şirkətindən arayış alınmalıdır ki, həmin mənzil əvvəl
kiməsə satılıb, ya yox. Bundan başqa, əgər mənzil bir dəfə
satılıbsa, ikinci satış zamanı notarial qaydada əvvəlki əmlak
sahibinin yeni sahibinin rəsmi qaydada imtina etməlidir.

Birinci mənzil kimə satılıbsa, bütün hüquqlar həmin şəxsə
məxsusdur. Satılan mənzil bir neçə nəfərə satılırsa, həmin şəxslər
zərərçəkmiş hesab olunur. Bütün bunların məsuliyyəti bina tikən
hüquqi şəxsin üzərinə düşür.

Hazırda belə halların qarşısını tam alacaq heç bir hüquqi
mexanizm yoxdur.

Belə hallara son qoyulmasına az qalıb. Lakin hazırda ölkəmizdə
antikorrupsiya hərəkətlərinə qarşı yeni proqram hazırlanır. Bütün
yeni tikilən binalardakı mənzillər əvvəlcədən daşınmaz əmlakın
dövlət reyestrində qeydə alınacaq”, – o deyib.

Elnur Azadov deyir ki, sözügedən hallara tamamilə son
qoyulmasına az qalıb: “Əvvəllər belə dələduzluq halları kütləvi
xarakter daşıyırdı. Xeyli sayda şəxsə qarşı cinayət işi açıldı,
onlar məsuliyyətə cəlb olundu, uzunmüddətli həbsə məhkum edildi. Bu
da tikinti şirkətlərinin rəhbərlərində qorxu yaratdı. Hazırda
antikorrupsiya hərəkətlərinə qarşı yeni proqram hazırlanır. Eyni
zamanda, bütün yeni inşa edilən binalardakı mənzillər daşınmaz
əmlakın dövlət reyestrində əvvəlcədən qeydə alınacaq. Yəni, hər bir
mənzilin bəri başdan “çıxarış”ı olacaq ki, bu da bir əmlakı bir
neçə şəxsə satmağa imkan verməyəcək. Təcrübə göstərir ki,
Azərbaycanda tikinti şirkətləri daha çox binalar istismara qəbul
edilmədən mənzilləri satışa çıxarır. Bu cür mənzillər isə yalnız
müqavilə əsasında satılır və qanunsuz hərəkətlərə yol açır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.