MİDA-nın mənzil satışına 11 ölkəyə məxsus 47 IP ünvanından kiberhücum olub – RƏSMİ

Bakı. Trend:

Dövlət Təhlükəsizliyi Xidməti, Mənzil İnşaatı Dövlət Agentliyi,
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
“Güzəştli mənzil” sistemi vasitəsilə mənzil seçiminin təşkili
prosesində Elektron Hökumətin İnkişafı Mərkəzinin “ASAN Login”
sisteminə kiberhücumla bağlı aparılan araşdırmalara dair birgə
məlumat yayıb.

Trend xəbər verir ki, “Güzəştli mənzil” sistemi vasitəsilə
mənzil seçiminin təşkili prosesində Elektron Hökumətin İnkişafı
Mərkəzinin “ASAN Login” sisteminə kiberhücumla bağlı aparılan
araşdırmalara dair məlumatda deyilir:

“Daha əvvəl məlumat verildiyi kimi, Mənzil İnşaatı Dövlət
Agentliyinin növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci
mərhələsində 815 mənzilin 15.09.2022-ci il tarixində seçim prosesi
başlamazdan öncə dövlət orqanlarının informasiya sistemlərinə kiber
müdaxilələrin edildiyi təsbit olunmuş, seçim prosesinin vaxtı
təxirə salınmış və faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin
İstintaq baş idarəsində cinayət işi başlanılmışdır.

İbtidai istintaqla müəyyən edilmişdir ki, Mənzil İnşaatı Dövlət
Agentliyi tərəfindən Yasamal Yaşayış kompleksinin ikinci
mərhələsində mənzil seçimi prosesinin həyata keçirilməsi üçün
“Güzəştli mənzil” sisteminə girişi təmin edən Azərbaycan
Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Elektron Hökumətin İnkişafı
Mərkəzi” publik hüquqi şəxsin nəzdində fəaliyyət göstərən ASAN
Login vahid giriş sisteminə Bakı vaxtı ilə 10:38-dən 10:53-dək
müxtəlif ölkələrə məxsus IP ünvanlardan törədilmiş DDOS – yəni
paylanılmış xidmətdən imtina hücumu formasında kibermüdaxilə
nəticəsində əlaqəli şəkildə fəaliyyət göstərən ASAN Login vahid
giriş sisteminə məxsus kompüter sistemlərinin işləməsinə qəsdən
ciddi maneə yaradılmış, seçim prosesinə müdaxilənin qarşısının
alınması üçün proses dayandırılmışdır.

Araşdırmalar zamanı cinayət əməllərinin texniki izləri aşkar
edilib rəsmiləşdirilərək götürülmüş, kiberhücumların ümumilikdə 11
ölkəyə məxsus 47 IP ünvanından həyata keçirildiyi müəyyən
edilmişdir.

“Kibercinayətkarlıq haqqında” Budapeşt Konvensiyası üzrə
təxirəsalınmaz prosedur tədbirlər yerinə yetirilərək kiberhücumun
həyata keçirildiyi IP ünvanların aid olduğu ölkələrə edilmiş
müraciətlər əsasında IP məlumatlarının mühafizə olunması üçün
tədbirlər görülməsi barədə zəmanət alınmış, kiberhücumların ümumi
mənbəyinin müəyyən edilməsi üçün təsdiq edilmiş ilkin məlumatlar
əsasında IP ünvanlara dair abunə və trafik məlumatlarının
götürülməsi və həmin məlumatlardan irəli gələn istintaq
hərəkətlərinin aparılması üçün aidiyyəti ölkələrə müvafiq məhkəmə
qərarları əsasında “Cinayət işi üzrə qarşılıqlı hüquqi yardım”
sorğuları ünvanlanmış, zəruri kommunikasiya, istintaq-əməliyyat və
əməliyyat-texniki tədbirlər həyata keçirilməkdədir.

Eyni zamanda qeyd edilir ki, aidiyyəti dövlət orqanları ilə
birgə qeyd olunan kiberhücum kanalları tam təsbit edilərək
bloklanmaqla yanaşı, mənzillərin təxirə salınmış güzəştlə seçimi
prosesinin gücləndirilmiş təhlükəsizlik şərtlərinin təmin edildiyi
şəraitdə təşkili və keçirilməsi üçün zəruri tədbirlər
görülmüşdür.

Təxirə salınmış mənzil seçimi prosesinin 24.09.2022-ci il
tarixində saat 15:00-da keçirilməsi qərara alınmışdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.