Prezident İlham Əliyev: Azərbaycan ilə Səudiyyə Ərəbistanını dostluq və qardaşlıq münasibətləri birləşdirir

Bakı. Trend:

Azərbaycan ilə Səudiyyə Ərəbistanını xalqlarımızın ortaq mənəvi
dəyərlərindən qaynaqlanan dostluq və qardaşlıq münasibətləri
birləşdirir. Daim genişlənən siyasi dialoqumuz, dövlətlərarası
əlaqələrimizin yüksək səviyyəsi əməkdaşlığımızın hərtərəfli
inkişafına böyük töhfə verir. Hazırda bu xoş ənənələr üzərində
qurulan, qarşılıqlı inam və dəstəyə əsaslanan tərəfdaşlığımızın
müvəffəqiyyətlə inkişaf etməsi məmnunluq doğurur.

Trend-in məlumatına görə, bu
fikirlər Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığının
milli bayramı – Krallıq elan edilməsi Günü münasibətilə İki
Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin
Əbdüləziz Al Səuda ünvanlandığı təbrik məktubunda yer alıb.

“Qardaş ölkənizin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT
Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun
olaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq
səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi daimi
dəstəyini və ədalətli mövqeyini xalqımız heç zaman unutmur”, – deyə
təbrikdə vurğulanıb.

Ölkəmizin ərazi bütövlüyünü bərpa etməsinin iqtisadi sahədə,
xüsusilə də energetika sahəsində əməkdaşlıq imkanlarını daha da
artırdığını qeyd edən dövlətimizin başçısı Səudiyyə Ərəbistanının
aparıcı şirkətlərindən olan “ACWA Power” şirkəti tərəfindən
Azərbaycanda Külək Elektrik Stansiyasının tikintisini bərpaolunan
enerji sahəsində səmərəli əməkdaşlığın bariz nümunəsi
adlandırıb.

Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, qardaş
xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan-Səudiyyə Ərəbistanı
dostluq münasibətləri, güclü İslam həmrəyliyinə əsaslanan
ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız bundan sonra da
birgə səylərimizlə genişlənəcək və möhkəmlənəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.