Prezident İlham Əliyev: Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq münasibətləri son otuz ildə yüksələn xətt üzrə inkişaf edib

Bakı. Trend:

Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq
münasibətlərinin əsası hələ ötən əsrdə xalqımızın ümummilli lideri
Heydər Əliyev və Vyetnam xalqının böyük oğlu Ho Şi Min tərəfindən
qoyulub. Bu əlaqələr uğurla davam etdirilərək son otuz ildə
yüksələn xətt üzrə inkişaf edərək hazırkı səviyyəyə çatıb.

Trend xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin
Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında
diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə
vyetnamlı həmkarı Nquyen Suan Fuka göndərdiyi təbrik məktubunda yer
alıb.

Azərbaycanın Vyetnam ilə münasibətlərə böyük əhəmiyyət
verdiyinin vurğulandığı təbrikdə deyilir: “Sağlam təməl üzərində
qurulmuş dövlətlərarası münasibətlərimiz, siyasi, ticari, iqtisadi,
mədəni və digər sahələrdə səmərəli əməkdaşlığımız bizi sevindirir.
Eyni zamanda beynəlxalq təşkilatlar, xüsusilə də BMT və Qoşulmama
Hərəkatı çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan
konstruktiv əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim. Vyetnamın
beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik
Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq ölkəmizin
ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış
sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyinə və ədalətli
mövqeyinə görə minnətdarıq”.

Bu gün iqtisadi-ticari, enerji, nəqliyyat, kənd təsərrüfatı,
sərmayə qoyuluşu və digər sahələrdə tərəfdaşlığın əhatə dairəsinin
genişlənməsi üçün yaxşı imkanlar olduğunu qeyd edən dövlətimizin
başçısı inandığını bildirib ki, “dost xalqlarımızın mənafelərinə
uyğun olaraq Azərbaycan ilə Vyetnam arasında əlaqələrin
möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın daha
da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra
da davam etdirəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.