Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə
Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda məktub
göndərib.

Trend-in məlumatına görə,
məktubda deyilir:

Əlahəzrət,

Əziz Qardaşım,

Səudiyyə Ərəbistanı Krallığının milli bayramı – Krallıq elan
edilməsi Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı
öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Səudiyyə Ərəbistanını xalqlarımızın ortaq mənəvi
dəyərlərindən qaynaqlanan dostluq və qardaşlıq münasibətləri
birləşdirir. Daim genişlənən siyasi dialoqumuz, dövlətlərarası
əlaqələrimizin yüksək səviyyəsi əməkdaşlığımızın hərtərəfli
inkişafına böyük töhfə verir. Hazırda bu xoş ənənələr üzərində
qurulan, qarşılıqlı inam və dəstəyə əsaslanan tərəfdaşlığımızın
müvəffəqiyyətlə inkişaf etməsi məmnunluq doğurur.

Qardaş ölkənizin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT
Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun
olaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq
səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi daimi
dəstəyini və ədalətli mövqeyini xalqımız heç zaman unutmur.

Ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi iqtisadi sahədə,
xüsusilə də energetika sahəsində əməkdaşlıq imkanlarımızı daha da
artırmışdır. Eyni zamanda, Səudiyyə Ərəbistanının aparıcı
şirkətlərindən olan “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda
Külək Elektrik Stansiyasının tikintisi bərpaolunan enerji sahəsində
səmərəli əməkdaşlığımızın bariz nümunəsidir.

Əminəm ki, qardaş xalqlarımızın iradəsinə uyğun olaraq
Azərbaycan-Səudiyyə Ərəbistanı dostluq münasibətləri, güclü İslam
həmrəyliyinə əsaslanan ikitərəfli və çoxtərəfli qaydada
əməkdaşlığımız bundan sonra da birgə səylərimizlə genişlənəcək və
möhkəmlənəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar,
Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və
firavanlıq diləyirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.