Prezident İlham Əliyev Vyetnamın dövlət başçısını təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının
Prezidenti Nquyen Suan Fuka təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Sentyabrın 23-də Azərbaycan Respublikası ilə Vyetnam Sosialist
Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 ili
tamam olur. Bu əlamətdar tarix münasibətilə Sizi və dost xalqınızı
şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir,
ən xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq
münasibətlərinin əsası hələ ötən əsrdə xalqımızın Ümummilli Lideri
Heydər Əliyev və Vyetnam xalqının böyük oğlu Ho Şi Min tərəfindən
qoyulmuşdur. Məmnunluqla qeyd etmək istərdim ki, bu əlaqələr uğurla
davam etdirilərək son otuz ildə yüksələn xətt üzrə inkişaf etmiş və
hazırkı səviyyəyə çatmışdır.

Biz Azərbaycan-Vyetnam münasibətlərinə böyük əhəmiyyət veririk.
Sağlam təməl üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz,
siyasi, ticari, iqtisadi, mədəni və digər sahələrdə səmərəli
əməkdaşlığımız bizi sevindirir.

Eyni zamanda, beynəlxalq təşkilatlar, xüsusilə də BMT və
Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı etimad və dəstəyə
əsaslanan konstruktiv əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim.
Vyetnamın beynəlxalq hüququn norma və prinsiplərinə, BMT
Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun
olaraq ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq
səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyinə
və ədalətli mövqeyinə görə minnətdarıq.

Bu gün iqtisadi-ticari, enerji, nəqliyyat, kənd təsərrüfatı,
sərmayə qoyuluşu və digər sahələrdə tərəfdaşlığımızın əhatə
dairəsinin genişlənməsi üçün yaxşı imkanlar vardır. İnanıram ki,
dost xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Vyetnam
arasında əlaqələrin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli
əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə
səylərimizi bundan sonra da davam etdirəcəyik.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost Vyetnam xalqına daim əmin-amanlıq və firavanlıq
arzulayıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.