Rasim Məmmədov 13 milyon manatı geyim və restorana xərcləyib – Şahid

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində “Baku Steel Company”
şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı
məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, prosesdə ifadə verən şahid Zemfira
Əliyeva bildirib ki, o “Baku Steel Company” şirkətinin xəzinədarı
olub.

“2008-ci ildən bu vəzifədə çalışmışam. Daha sonra məlum oldu ki,
kassada 13 milyon manat kəsir var. Bununla bağlı dəfələrlə
rəhbərlikdə təmsil olunan Çingiz Həsənov və Kamran Qəhrəmanova
müraciət etmişəm. Demişdim ki, bu kəsiri bağlamaq lazımdır. Amma
mənə dedilər ki, bu sənin işin deyil. Şirkətin direktoru isə
Süleyman Məmmədov idi. Mənim xəzinədar kimi vəzifəm çek yazmaq
olub, xəzinəyə gündəlik 5-10 min manat daxil olurdu. Mən 13 milyon
manatı görməmişəm. Bu pul sadəcə kağız üzərində olub. Hazırda da
orada işləyirəm. 13 milyon manat kəsiri Rasim Məmmədov bağlamalı
idi. Çünki şirkətin əsas rəhbəri o idi. Eşitdiyimə görə, pulları
Rasim Məmmədov götürüb, amma bunun şahidi olmamışam”, -şahid
bildirib.

Onun sözlərinə görə, 2021-ci ildə bu barədə Dövlət
Təhlükəsizliyi Xidmətinə müraciət etmək qərarına gəlib: “Ərizə
yazıb qurumun şikayət qutusuna atdım. Bunu özümü sığortalamaq üçün
etdim. Mən Rasim Məmmədova birbaşa pul verməmişəm. Pulu xəzinəyə
qəbul etməmişəm. Çingiz Həsənov deyirdi, mən də edirdim. Amma pul
görməmişəm”.

Şahidin ifadəsində ziddiyyətlər olduğundan onun ibtidai
istintaqa verdiyi ifadə elan olunub. Z.Əliyeva ifadəsində bildirib
ki, Rasim Məmmədova nağd şəkildə pul verilib. Amma məhkəmədə bunu
təsdiq etməyib və pulların R.Məmmədova verildiyini görmədiyini
bildirib.

Rasim Məmmədov Z.Əliyevanı verdiyi ifadələrlə özünü pis
vəziyyətə saldığını bildirib.
Prosesdə ifadə verən digər şahid, “Baku Steel Company” şirkətinin
baş mühasibi Kamran Qəhrəmanov bildirib ki, 2004-cü ildən şirkətdə
çalışsa da, 2011-ci ildən baş mühasib təyin edilib: “Kassada olan
13 milyonluq kəsir barədə mən dəfələrlə rəhbərliyə məlumat
vermişəm. Çingiz müəllim dedi ki, bu sənin işin deyil, Rasim
Məmmədov şirkətin rəhbəridir, özü bilər. Metal alışı vaxtı hesabdan
pul çıxırdı, amma kassaya gəlmirdi. Pul bu şirkətdən çıxıb
“Azəristeel”ə daxil olurdu. Mən metalın real qiymətini bilmədiyim
üçün metalın neçəyə çıxdığı və neçəyə rəsmiləşdirildiyini bilmirəm.
Mənə deyilən qiymətə metalı rəsmiləşdirirdim”.

Təqsirləndirilən şəxs Rasim Məmmədov bildirib ki, şirkətdən
Əmlak məsələləri üzrə Dövlət Komitəsinə metal almaq üçün 10 milyon
dollar köçürsə də, komitə şirkətə 8. 8 milyon dollarlıq metal
verib. Qalan 1.2 milyon dollar, yəni 2 milyon manat geri
qaytarılmayıb: “Bu gün komitənin hələ də şirkətə 2 milyon manat
borcu var. Daha sonra Bakı Poladtökmə Zavodunu almaq üçün Loğman
Zülfüqarlıya 2,5 milyon manat verdim. Yəni bu pullar həmin 13
milyon manatın içərisindədir. Yerdə qalan məbləğ isə şirkətin digər
xərclərinə yönləndirilib. Bunların heç biri mənim şəxsi xərcim
deyil. Bir var Rasim Məmmədov gedir İtaliyada 50 min dollara
kostyum tikdirir, bir var “Ferrari” maşın alır, bu, şəxsi xərcdir,
bir də var şirkətin xərcləri. Bu pullar şirkət üçün xərclənib.
DHD-ni aparanda 22 milyon manatı kassaya Kamran aparıb”.

Kamran Qəhrəmanov bildirib ki, o, Rasim Məmmədova 13 milyon pul
verməyib: “Mən Rasimə pul verməmişəm. 22 milyon manata gəlincə isə
mənə dedilər ki, sən şirkətin nümayəndəsi kimi iştirak et, mən də
iştirak etdim. Həmin pulu təsisçidən mədaxil kimi kassaya mədaxil
etdim”.

K.Qəhrəmanovun da ifadələri arasında ziddiyyət olduğundan
ibtidai istintaqa ifadəsi elan olunub. O, ibtidai istintaqa
ifadəsində bildirib ki, pullar Çingiz Həsənovun köməkçisi Səbinəyə
verilib. Məhkəmədə isə bu pulları görmədiyini bildirib.

İfadədəki daha bir ziddiyyət isə Rasim Məmmədovun şəxsi xərcləri
ilə bağlı olub. O, istintaqa ifadəsində bildirib ki, Rasim Məmmədov
13 milyon manatı geyim və restorana xərcləyib. Məhkəmədə isə o, bu
fikri təkzib edib.

Məhkəmədə daha bir şahid, “Azəristeel”də fəhlə işləyən Xəyal
Əhmədov ifadə verib: “Mən şirkətin giriş-çıxışına nəzarət edirdim.
Bəzən isə Mübariz müəllimin verdiyi sənədləri və pulları tapşırdığı
şəxslərə verirdim. Pulları sellofan torbada aparırdım. İçərisində
nə qədər məbləğ olması barədə heç bir məlumatım olmurdu. Pulları
əsasən Çingiz Həsənovun otağında katibəsinə verirdim”.

Prosesdə məlum olub ki, bu şahidin də ibtidai istintaqa verdiyi
məlumatlarda ziddiyyətli məqamlar ortaya çıxıb. Məlum olub ki, o,
sellofan torbada 10 min 200 manat məbləğində pullar aparıb. Amma
şahid məhkəmədə bu faktı təstiq etməyib. O bildirib ki, işlədiyi
dövrdə Rasim Məmmədova heç vaxt pul verməyib.

Proses sentyabrın 30-da davam etdiriləcək.

İttihama görə, Rasim Məmmədov “Baku Steel Company” MMC-nin
müşahidə şurasının sədri olduğu müddətdə vəzifə səlahiyyətlərindən
sui-istifadə edib, sənədlərə yalan məlumatlar daxil etməkdə, o
cümlədən, rəqəmləri şişirtməkdə, başqa şəxslərin adına şirkətlər
yaradıb şirkətin mallarını aşağı qiymətlərlə satmaqda, “Baku Steel
Company”-nin məhsullarını öz obyekt və yaşayış binalarına sərf
etməkdə təqsirləndirilir. Bütün bunlarla təqsirləndirilən şəxs
ümumilikdə təxminən 55 milyon manatlıq mənimsəmə və israfetməyə yol
verib.

Göstərilən cinayət əməllərinə görə, Rasim Məmmədova Cinayət
Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli
miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli
miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə
səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda)
və 313-cü (vəzifə saxtakarlığı) yekun ittiham verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.