“Şuşaya salam” Beynəlxalq Poeziya layihəsinin təqdimatı olub (FOTO)

Bakı. Trend:

“Şuşaya salam” Beynəlxalq Poeziya layihəsinin təqdimat mərasimi
keçirilib.

Trend xəbər verir ki, tədbirdə Azərbaycan Yazıçılar Birliyinin
(AYB) sədri Anar Rzayev, Mədəniyyət Nazirliyinin nümayəndəsi Akif
Maarifli, tanınmış Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan
Yazıçılar Birliyinin katibi, şair-publisist Səlim Babullaoğlu,
“Space” Müstəqil Teleradio şirkətinin prezidenti Müşfiq Hətəmov və
bir sıra tanınmış şəxslər iştirak edib.

Tədbirin açılış nitqində çıxış edən S.Babullaoğlu bildirib ki,
layihə ilə əlaqədar dünyanın ayrı-ayrı 30 ölkəsindəki yazıçılara
müraciət edilib:

“Sentyabr ayının 27-dən başlayaraq hər gün bir əcnəbi yazıçının
səsləndirdiyi şeir “Space” TV-də yayımlanacaq və bu, Zəfər gününə –
noyabrın 8-dək qədər davam edəcək”.

Daha sonra çıxış edən AYB sədri Anar qeyd edib ki, Qarabağ
müharibəsi başlayandan bəri Yazıçılar Birliyi hər zaman hadisələrin
mərkəzində olub:

“Yazıçılar Birliyi təbliğat işlərində hər zaman olduğu kimi
bundan sonra da daha da intensiv rol alacaq. Bizim haqq işimizi
təbliğ etməyimiz üçün bu layihə çox vacibdir”.

“Space” Müstəqil Teleradio şirkətinin prezidenti Müşfiq
Hətəmoğlu layihə barəsində çıxış edib: “Müxtəlif tribunalardan
Qarabağ həqiqətləri barədə 30 ildir ki, danışırıq. Lakin sözügedən
layihənin haqq işimizin təbliğində xüsusi yeri olacaq.
Həqiqətlərimizin müxtəlif ölkələrdən şairlərin dili ilə deyilməsi
Qarabağın Azərbaycanın bir parçası olmasını bir daha bütün dünyaya
sübut edəcək”.

Mədəniyyət Nazirliyinin nümayəndəsi Akif Maarifli qeyd edib ki,
torpaqlarımızın işğaldan azad edilməsi ilə nazirliyin üzərinə böyük
iş düşüb:

“Biz çalışırıq ki, Qarabağ həqiqətlərini mədəniyyətin dili ilə
çatdıraq. Bu layihə dünya xalqlarının fikrində Qarabağla bağlı
düzgün imic formalaşdırılmasına kömək edəcək”.

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev
qeyd edib ki, tarixdə yazıçıların yazdıqları qalır:

“Çünki yazıçının, şairin sözü əbədi yaşayır. Əslində, yaxşı
yazıçı xalqın əbədiyyətdəki vəkilidir”.

Xatırladaq ki, təqdim edilən layihə “Şuşa İli”nə həsr olunub və
layihə çərçivəsində 30 ölkədən 44 nəfər tanınmış ədəbiyyatçı və
şair Şuşa üçün şeir oxuyacaq. Azərbaycandan layihəyə 8 şair
qoşulub.

Qeyd edək ki, “Şuşaya salam” layihəsi 27 sentyabr – 8 noyabr
tarixlərində baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.