Təhsilin bitməyən problemi – 6 mindən çox sinifdə müəllim olmayacaq

Bakı. Trend:

Bir neçə gün əvvəl ümumtəhsil məktəblərində tutulmayan vakant
müəllim yerlərinin sayı açıqlandı. Təhsil İnstitutunun İnsan
Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli qeyd etdi ki,
vakansiyaya 9805 yer çıxarılıb, lakin həm müddətli, həm də
müddətsiz şərtlərlə işə qəbul edilənlərin sayı təxminən altı min
nəfər olub. Tutulmayan vakant yerlər isə dərs saatları daha az olan
və ucqar yerdəki məktəblərdədir.

Üç min vakant yerin olması məktəblərdə tədris prosesinə necə
təsir edəcək?

Məsələ ilə bağlı Trend-in sualını cavablayan təhsil eksperti
Kamran Əsədov qeyd edib ki, bu il müəllimlərin işə
qəbul imtahanında(MİQ) edilən struktur və məzmun dəyişikliyi
baxmayaraq ki, daha çox əlçatanlığın və keyfiyyətin yüksəlməsinə
yönəlmişdi, özündə müsbət çalarlarla bərabər ciddi problemləri də
üzə çıxardı.

“Ona görə indiyə qədər 3 mindən çox vakant yer tutulmayıb ki,
imtahanda yüksək bal toplayan şəxslər gözləyirlər ki, digər vakant
yerlər çıxsın. Çünki bəzən görürük ki, vakant çıxan yerlər kənar
yerlər olur, o qədər də mərkəzi yerlər olmur. Lakin sonradan
oktaybr-noyabr aylarında daha mərkəzi yerlərdə, yaxşı dərs saatları
ilə siniflər ortaya çıxır. Müəllimlər illərin təcrübəsinə
malikdirlər və düşünürlər ki, sonraki gedişatda yaxşı yerlər ortaya
çıxacaq və onlar həmin yerlərə qəbul ola biləcəklər. Kifayət qədər
boş yerin qalmasının, tutulmamasının əsas səbəbi çıxarılan vakant
yerlərin mərkəzdən uzaq olması, dərs saatlarının az olmağı ilə
bağlıdır. Çünki bölgələrə gedən müəllimlərin aldığı əməkhaqqı
ehtiyaclarını ödəmək üçün yetərli olmur. Bu ən ciddi faktorlardan
biridir. Hesab edirəm ki, edilən dəyişiklərə düzəliş olunmalıdır.
Sonradan ortaya çıxacaq vakant yerlərə qəbul məsələsinə xüsusən
diqqət eləmək lazımdır. 3 mindən çox müəllim yerinin tutlmaması ən
azı 6 mindən çox sinifdə müəllim olmayacağı deməkdir. Bu da bizim
ciddi problemlə üzləşməyimizə gətirib çıxara bilər. Müəllimlər əgər
getmirlərsə, həmin məktbələrə qeyri-ixtisas müəllimlərini götürmək
olar. Məsələn azərbaycan dili müəllimi çatışmırsa, filologiya
məzunlarını, ingilis dili çatışmırsa, tərcüməçiləri və s götürmək
olar. Yəni həmin ixtisasa yaxın olan digər ixtisas sahiblərini də
imtahanlara cəlb etsək, bu problem bir mənalı şəkildə ortadan
qalxar”,- deyə K. Əsədov bildirib.

Elm və Təhsil nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan
Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə
doktoru İlqar Orucov isə Trend-in sualını
cavablayarkən bildirib ki, məktəblərdə kifayət qədər müəllim var.
Amma vakant yerlər boş qalanda təbii ki, o dərslər həmin ixtisas və
ya yaxın ixtisasla üzrə çalışan müəllimlər arasında bölünür.

“Əlbəttə daha yaxşı olardı ki, həmin vakant yerlər tutulsun.
Xüsusilə MİQ imtahanda müvəfəqqiyət qazanan insanlar tərəfindən
tutulsun. Səbəblərdən biri odur ki, məsələn Tovuzda ucqar bir
kənddə 6 vəya 10 saatlıq vakant yer mövcuddur. Amma həmin yerə
Lənkərandan bir müəllim düşür və o bundan imtina edir. Beləliklə
həmin yeri nazirlik növbəti mərhələdə vakansiyaya çıxarır. Bir çox
hallarda görürük ki, vakant yer tutulur, lakin dərs başlayan zaman
bu yerdən imtina edilir. Əlbəttə ki, bu kimi hallar bizim
məktəblərimizdə müşahidə olunur. Bu kimi halların baş verməməsi
üçün nazirlik tərəfindən hansısa alternativ yollar ortaya
qoyulmalıdır. Bu həqiqətən ciddi bir problemdir və çıxış yolları
araşdırıb tapmaq lazımdır”, – deyə İ. Orucov əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.