Vyanada Azərbaycan-Avstriya iqtisadi əlaqələrinin tarixinə dair məruzə təşkil edilib

Bakı. Trend:

Sentyabrın 22-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində
Azərbaycan və Avstriya arasında iqtisadi əlaqələrin tarixinə həsr
olunmuş məruzə axşamı təşkil olunub.

Trend xəbər verir ki, tədbirdə Vyanada akkreditə olunmuş
diplomatik korpusun təmsilçiləri, Avstriya ictimaiyyətinin
nümayəndələri və bu ölkədə yaşayan soydaşlarımız iştirak
ediblər.

Tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla
Qasımova iki ölkə arasında mədəni və iqtisadi əlaqələrin tarixinə
toxunub və bildirib ki, Azərbaycan Mədəniyyət Mərkəzi mütəmadi
olaraq hər iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin tarixinə
dair məruzələr təşkil edir, eləcə də gənc sənətçilərin bir araya
gəldiyi mədəni tədbirlərə geniş yer verir. Qeyd edilib ki, iki ölkə
arasında əlaqələrin tarixində iz buraxmış şəxslər arasında baron
Alfred fon Vakanonun da adı var.

Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli Azərbaycan və
Avstriya arasında diplomatik əlaqələrin qurulmasının 30 illik
yubileyinin qeyd edildiyi 2022-ci ildə qarşılıqlı əlaqələrin
müxtəlif aspektlərinə həsr olunmuş tədbirləri yüksək
qiymətləndirib. O bildirib ki, iki ölkə arasında əlaqələrin tarixi
15-ci əsrə gedib çatır, həmin dövrdə – 1473-cü ildə kayzer III
Fridrix öz elçilərini Ağqoyunlu hökmdarı Uzun Həsənin sarayına
göndərir, onların arasında diplomatik yazışmalar baş tutur. Bu
əlaqələrin sonrakı əsrlərdə davam etdirildiyini və 19-cu əsrin
sonunda Avstriya-Macarıstan imperiyasının Bakıda fəxri
konsulluğunun açıldığını diqqətə çatdıran səfir müstəqillik
dövründə münasibətlərin sıx inkişafına yeni imkanlar açıldığını
bildirib. Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin
Avstriyaya, eləcə də Avstriya Prezidenti Haynts Fişerin Azərbaycana
səfərləri ilə bu əlaqələrin daha da möhkəmləndiyi, mədəni,
iqtisadi, kənd təsərrüfatı, sosial-humanitar və digər sahələri
əhatə etdiyi diqqətə çatdırılıb.

Sonra tanınmış aparıcı, “Bakının sirləri” verilişinin müəllifi
və aparıcı, şərqşünas və araşdırıcı Fuad Axundov baron Alfred fon
Vakano (1846-1929) barədə məruzə ilə çıxış edib. İlk növbədə, 19-cu
əsrin sonu – 20-ci əsrin əvvəlində neft bumu sayəsində Bakıda baş
vermiş sürətli inkişafdan bəhs edən F.Axundov burada əhali sayının
artmasının, sənaye və mədəniyyət mərkəzinə çevrilməsinin bu şəhərə
iqtisadi marağın artması ilə nəticələndiyini vurğulayıb. Həmin
dövrdə çar Rusiyasının Samara şəhərində pivə zavodlarına malik
avstriyalı iş adamı baron Alfred fon Vakano öz pivə imperiyasının
genişləndirilməsi çərçivəsində Bakıya xüsusi diqqət ayırır. Bu günə
kimi də məşhurluğunu itirməyən “Jiquli“ pivəsinin bir brend kimi
əsasını qoyan A. fon Vakano Samara şəhəri ilə yanaşı müxtəlif
regionlarda pivə zavodları açır, eləcə də işçilərin sosial
təminatını yaxşılaşdırmaq üçün xəstəxana, məktəb, elektrik
stansiyaları qurur. Onun 1908-ci ildə Bakıda indiki Zığ qəsəbəsində
açılan pivə zavodu öz dövrü üçün Rusiya imperiyasının ən müasir
müəssisəsi hesab edilirdi. A. fon Vakano bu müəssisədə istehsal
olunmuş məhsulların daşınması üçün at arabaları, vaqonlar, kiçik
gəmilərə sahib idi və geniş şəbəkə vasitəsilə imperiyanın
ucqarlarına kimi məhsul göndərə bilirdi. Alfred fon Vakanonun
mülkiyyəti sovet dövründə müsadirə edildikdən sonra da Bakıdakı
zavod 1978-ci ilədək fəaliyyətini davam etdirmişdir.

Tədbirdə iştirak edən Alfred fon Vakanonun nəticəsi Vilhelm
Lovrek göstərilən diqqətə görə təşəkkür edib, ulu babasının işgüzar
və xeyriyyəçilik fəaliyyəti barədə danışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.