XİN “regionda sərhədlərin dəyişdirilməsi bizim qırmızı xəttimizdir” tezisi üzrə fikirlər barədə İrana cavab verdi

Bakı. Trend:

Məlum olduğu kimi, Azərbaycan Respublikası özü işğala və
təcavüzə məruz qalan ölkədir. Ermənistan tərəfi zordan istifadə
edərək, Azərbaycan Respublikasının ərazilərinin iyirmi faizini, o
cümlədən İran ilə sərhədimizin 132 km-ni işğal etmişdir. 30 il
ərzində İran tərəfi sərhədlərin zordan istifadə edilərək
dəyişdirilməsinə hər hansı bir münasibət bildirməmişdir. Hazırda
İran tərəfindən səsləndirilən bu kimi bəyanatların ünvanı bəlli
deyil. Məlum olduğu kimi, Azərbaycan və Ermənistan liderlərinin
Moskva və Brüsseldə keçirilən görüş formatları mövcuddur. Bu
formatlarda danışıqlar davam edir. Bu formatlarda aparılan
danışıqlar çərçivəsində hər iki tərəfin razılığı ilə dövlət
sərhədinin delimitasiyası üzrə Dövlət Komissiya təsis edilmiş və
onun tərkibi razılaşdırılmışdır. Hesab edirik ki,
Ermənistan-Azərbaycan münasibətləri, o cümlədən iki dövlətin sərhəd
məsələsi kənar müdaxilə olmadan həll edilməlidir.

Trend xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti
idarəsinin rəisi Leyla Abdullayeva yerli KİV-in “Son dövrlərdə
İranın yüksək çinli mülki və hərbi şəxsləri tərəfindən “regionda
sərhədlərin dəyişdirilməsi bizim qırmızı xəttimizdir” tezisi üzrə
fikirlər səsləndirilir, reallıqdan uzaq iddialar irəli sürülür.
Buna münasibətinizi öyrənmək istərdik” sualını cavablandırarakən
belə deyib.

“Bu gün İranın Sərhəd Mühafizəsi Orqanları tərəfindən sərhədyanı
Xudafərin rayonu ərazisində terrorçu qrupun müəyyən edilərək həbs
olunmasına dair bəyanat yayılmışdır. Xudafərin rayonunun Azərbaycan
ilə həmsərhəd olduğunu nəzərə alaraq, bununla bağlı hər hansı bir
şərhiniz varmı?” sualına isə L.Abdullayeva belə cavab verib:
“Azərbaycan-İran dövlət sərhədi dostluq və əməkdaşlıq sərhədi kimi
tanınır. Azərbaycan və İran sərhədçiləri arasında qarşılıqlı
faydalı əməkdaşlıq təcrübəsi nümunəvidir. Ara-sıra baş verən sərhəd
pozuntusu və qaçaqmalçılıq halları yerlərdəki komandirlər arasında
birbaşa təmaslar çərçivəsində tənzimlənir. İran Sərhəd Mühafizəsi
Orqanlarının bugünkü bəyanatının Azərbaycan-İran dövlət sərhədinə
heç bir aidiyyəti yoxdur”.

“İran rəsmilərinin açıqlamalarından məlum olur ki, İran tərəfi
Zəngəzur dəhlizini İran-Ermənistan sərhədinin kəsilməsi kimi qəbul
edirlər. Bu məsələ İran tərəfi ilə təmaslarda müzakirə edilibmi?”
sualına isə “44 günlük Vətən müharibəsi zamanı işğal altında olan
Azərbaycan-İran sərhədinin azad edilməsi münasibətilə ilə Müzəffər
Ali Baş Komandan Azərbaycan və İran xalqlarını təbrik etmişdir.
Azərbaycan tərəfi İran ilə sərhədlərini ticarətin və əməkdaşlığın
daha da inkişaf etdirilməsi üçün fürsət kimi dəyərləndirir.
Ermənistanın işğalı nəticəsində yalnız Azərbaycanın ayrılmaz tərkib
hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə deyil, həmçinin İran
ilə də dəmiryolu əlaqəsi kəsilmişdir. 10 noyabr 2020-ci il tarixli
üçtərəfli bəyanata uyğun olaraq, regionda kommunikasiyaların
açılması və bərpası üzrə Komissiya çərçivəsində müzakirələr davam
edir. Azərbaycan tərəfi paralel olaraq, İran ilə Azərbaycanın Şərqi
Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasının
birləşdirilməsi üçün İran ərazisindən keçməklə infrastrukturun
yaradılmasına dair müqavilə imzalamışdır. Əldə olunmuş razılığa
əsasən, 22 sentyabr 2022-ci ildə Zəngilan rayonu ərazisində hər iki
ölkə rəsmilərinin iştirakı ilə avtomobil körpüsünün təməlqoyma
mərasimi baş tutmuşdur. Zəngəzur dəhlizinin İranın Ermənistan ilə
sərhədini kəsməsi kimi qələmə verilməsi kökündən yanlış olmaqla
yanaşı, reallıqdan uzaqdır. Zəngəzur dəhlizi, əksinə, ölkələrimiz
arasında əlaqələri daha da dərinləşdirən və regional əməkdaşlıq
üçün yeni perspektivlər vəd edən önəmli bir layihədir”, – deyə XİN
rəsmisi cavab verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.