Ceyhun Bayramov BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi ilə görüşüb (FOTO)

Bakı. Trend:

Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək
səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov BMT-nin Sivilizasiyalar Alyansının
(UNAOC) ali nümayəndəsi Migel Angel Moratinos ilə görüşüb.

XİN-dən Trend-ə bildirilib ki, nazir Ceyhun Bayramov
Sivilizasiyalar Alyansı ilə əməkdaşlığın yüksək səviyyədə inkişaf
etməsindən məmnunluğunu bildirib. Çox millətli, çox konfessiyalı
ölkə kimi Azərbaycanın milli səviyyədə dialoq və dözümlülük mühiti
ilə fərqləndiyi kimi bu dəyərlərin beynəlxalq müstəvidə təşviqinə
də böyük əhəmiyyət verdiyini vurğulayıb. Bu xüsusda, 2016-cı ildə
Azərbaycanın Alyansın 7-ci Qlobal Forumunun yüksək səviyyədə təşkil
edilməsi məmnuniyyətlə xatırlanıb.

Post-münaqişə dövrünün regionda yeni imkanlara yol açdığını qeyd
edərək, bu kontekstdə həm regionda, həm də ölkələr arasında sülhün
bərqərar olmasına töhfə vermək üçün BMT-nin Sivilizasiyalar
Alyansının əlverişli imkanlarının olduğunu diqqətə çatdırıb.
İşğaldan azad edilmiş ərazilərimizdə işğal zamanı dağıdılmış
abidələrin bərpası sahəsində həyata keçirilən işlər barədə məlumat
verən nazir, təşkilatın bu istiqamətdə verdiyi dəstəyi xüsusi
vurğulayıb. Ceyhun Bayramov Azərbaycanın münaqişənin təsirinə məruz
qalan ərazilərdə mədəni irsin etnik və ya dini xarakterindən asılı
olmadan bərpası və mühafizəsi sahəsində atılan ardıcıl addımlar
barəsində tərəf müqabili məlumatlandırıb, Azərbaycanın bu
ərazilərin erməni əsilli sakinlərinin bütün Azərbaycan vətəndaşları
ilə eyni hüquq və azadlıqlarını təmin edərək onları yenidən öz
siyasi, sosial və iqtisadi məkanına reinteqrasiya etmək üçün
addımlar atmaqda qətiyyətli olduğunu bildirib.

Migel Angel Moratinos öz növbəsində, Azərbaycanla əməkdaşlığı
yüksək qiymətləndirdiyini bildirib. Azərbaycanın təşəbbüsü
irəlilədilən “Mədəniyyət naminə sülh” kompaniyasının əhəmiyyəti və
bu istiqamətdə Alyansla imzalanmış Fəaliyyət Planı Moratinos
tərəfindən vurğulanıb. Eyni zamanda, Azərbaycan tərəfindən
dinlərarası və sivilizasiyalararası dialoq sahədində fəal surətdə
atılan addımların əlamətdar və nümunəvi olduğu bildirilib.

Tərəflər, Alyansın cari ilin noyabr ayında Mərakeşdə təşkil
ediləcək 9-cu tədbirinə hazırlıq ilə bağlı fikir mübadiləsi
aparıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
müzakirə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.