Nazir Anar Kərimov Ağdaşda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub

Bakı. Trend:

Mədəniyyət naziri Anar Kərimov Ağdaşda bir sıra mədəniyyət
müəssisələrinə və tarixi abidələrə baş çəkib.

Mədəniyyət Nazirliyindən Trend-ə bildirilib ki, Anar Kərimov
Nazirlik tərəfindən təmiri planlaşdırılan Ağdaş Rayon Mədəniyyət
Mərkəzində olub, müəssisənin əsaslı təmir planı barədə ətraflı
məlumat alıb. Burada aparılacaq təmir işləri ilə bağlı müvafiq
tapşırıq və tövsiyələrini verib.

Sonra 1986-cı ildən fəaliyyət göstərən Ağdaş Tarix-Diyarşünaslıq
Muzeyinə baxış keçirilib. Nazirə məlumat verilib ki, muzey uzun
müddət yerli əhəmiyyətli tarixi abidə olan Hacı Məhəmməd Ağanın
evində fəaliyyət göstərib. 2015-ci ildə yeni binaya köçürülən
muzeyin əsas fondunda 6758 eksponat qorunub saxlanılır, 1100-ü
daimi nümayiş olunur.

Mədəniyyət naziri Ağdaş şəhərində tanınmış kaman ustası Habil
Əliyevin adını daşıyan 1 nömrəli Uşaq Musiqi Məktəbinin fəaliyyəti
ilə tanış olarkən bildirilib ki, musiqi məktəbi Azərbaycanın dahi
bəstəkarı Üzeyir Hacıbəylinin təşəbbüsü ilə 1937-ci ildə fəaliyyətə
başlayıb. 2009-cu ildə şəhərin mərkəzində musiqi məktəbinin müasir
üslubda inşa edilən yeni binasının rəsmi açılışı olub. Məktəbdə
hazırda fortepiano, tar, kamança, qarmon, klarnet və nağara
ixtisasları tədris olunur, 460 şagird təhsil alır, 125 müəllim
çalışır.

Səfər çərçivəsində 1980-ci ildə yaradılan və 400 minə yaxın
kitab fondu olan Ağdaş rayon MKS-nin Mərkəzi Kitabxanasına baxış
keçirilib, müəssisənin fəaliyyəti barədə məlumat alınıb. Sonra
həmin binada yerləşən Azərbaycan və özbək ədəbi əlaqələrinin
inkişafında böyük xidmətləri olmuş dramaturq, tərcüməçi, şair və
ədəbiyyatşünas Maqsud Şeyxzadənin ev-muzeyinə baxış keçirilib.
Muzeyin direktoru şairə məxsus əşyalar, əsərlər, əlyazmalar barədə
məlumat verib, bildirib ki, 1991-ci ildə yaradılan muzeydə şairə
məxsus 224 eksponat saxlanılır.

Qeyd edək ki, sözügedən kitabxana və muzeyin yerləşdiyi bina
1904-cü ildə İsmayıl bəy Soltanbəyova məxsus olub. Həmçinin yerli
əhəmiyyətli tarixi abidə kimi (inv. № 4061) dövlət qeydiyyatına
alınıb. Nazir yerli əhəmiyyətli tarixi abidə olan Hacı Məhəmməd
ağanın evini də (inv. № 4060) ziyarət edib. Nazirə məlumat verilib
ki, XIX əsrə aid olan yaşayış evi XX əsrin ortalarında hərbi
komissarlıq, 1986-2015-ci illərdə tarix-diyarşünaslıq muzeyi, sonra
isə Uşaq Gənclər İnkişaf Mərkəzi kimi istifadə olunub.

Anar Kərimov Ağdaşda daha bir yerli əhəmiyyətli memarlıq abidəsi
olan Hacı Bədəl Əfəndi məscidinə (XIX əsr, inv. № 4070) gəlib,
məscid binasının cari vəziyyəti ilə tanış olub. Bildirilib ki,
binada uzun illər körpələr evi, uşaq bağçası fəaliyyət
göstərib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.