2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib – Sərəncam

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
29-da 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi
haqqında Sərəncam imzalayıb.

Trend-in məlumatına görə,
Sərəncamda 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli
Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və
dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olduğu
qeyd edilir.

Vurğulanır ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb
tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə
apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir.
Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev
zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla
irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının
təntənəsidir.

Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün
qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək
vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə
çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və
mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur.
Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə
dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə
üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq
salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın
yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın
bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli
ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə
qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun
təməl daşına çevrilmişdir.

Bildirilir ki, böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik
olan Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun
SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı
layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə
təzahür etdirmişdir. Heydər Əliyev bütün varlığı ilə sevdiyi və
canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş
və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan
istifadə etmişdir.

Qeyd olunur ki, zamanın hökmü ilə ötən əsrin 90-cı illərində
dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü,
xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi
xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə
qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın
təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər
Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş
etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın
məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin
tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən
qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Heydər
Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi
imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini
əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.

“Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin
bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın,
milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur.
Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş
və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün
dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən
məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının
müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi
olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial,
iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün
müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Heydər Əliyevin
milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində
xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa
müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə
edilmişdir. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul
olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata
keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun
yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna
xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən
azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin
dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni
fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi
ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə
sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən
tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin
mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur.

Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər
Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin
dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər
sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır.
Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və
prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca
vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı
tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah
əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini,
müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən
müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.

Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı
olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz
olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul
edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və
minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan
Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd
edir.

Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə
əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli
sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir
azərbaycanlının şərəfli vəzifəsidir”, – deyə Sərəncamda
bildirilir.

Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasına Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər
Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlər planına dair
təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir