BDU-da akademik Rəfiqə Əliyevanın 90 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Dövlət Universitetində (BDU) akademik Rəfiqə Əliyevanın
anadan olmasının 90 illiyinə həsr olunan “Nəzəri və təcrübi
kimyanın müasir problemləri” mövzusunda beynəlxalq elmi konfransın
açılışı olub.

Trend-in məlumatına görə, tədbirdə Baş nazirin müavini Əli
Əhmədov, Bakı şəhəri icra hakimiyyətinin başçısı Eldar Əzizov, elm
və təhsil Nazirinin müavini Firudin Qurbanov, ekologiya və təbii
sərvətlər naziri Muxtar Babayev, Bakı Dövlət Universitetinin
Ekoloji kimya kafedrasının müdiri, professor, mərhumun qızı Sevinc
Hacıyeva, Rəfiqə Əliyevanın qızı, dosent, Əməkdar incəsənət xadimi,
Fəxriyyə xanım Xələfova və digər rəsmi şəxslər iştirak edib.

Konfransın açılışında çıxış edən BDU-nun rektoru Elçin Babayev
bildirib ki, akademik Rəfiqə Əliyeva ölkədə kimya elminin
inkişafına böyük töhfələr verib: “Eyni zamanda Azərbaycan kimya
elmini dünyada şöhrətləndirib. Rəfiqə xanımın dünyanın nüfuzlu elmi
jurnallarında dərc olunmuş məqalələri, fundamental monoqrafiyaları,
uzun illərin gərgin zəhmətinin bəhrəsi kimi aldığı mühüm elmi
nəticələr kimya elmi sahəsində ölkəmizin adının dünyada
tanıdılmasında müstəsna rol oynayıb.

Rəfiqə xanım Əliyeva eyni zamanda onu tanıyanların yaddaşına
vətənpərvər ziyalı, ölkənin ictimai həyatında fəal iştirak edən,
cəsarətli mövqeyi, xeyirxahlıq missiyası ilə seçilən parlaq bir
şəxsiyyət kimi həkk olunub: “Akademik Rəfiqə xanım Əliyeva
ziyalılığı, kübarlığı, müdrikliyi, xalqına və Vətəninə bağlılığı,
dövlətinə sədaqəti ilə onu tanıyanların hər biri üçün bir insanlıq
nümunəsidir”.

Rektor qeyd edib ki, akademik Rəfiqə Əliyeva uzun illər
ölkəmizdə kimya sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasında
mühüm rol oynayıb, onun rəhbərliyi ilə 2 doktorluq və 20
namizəd¬lik dissertasiyası müdafiə edilib. Akademik Rəfiqə Əliyeva
2 monoqrafiya, 33 dərslik və dərs vəsaitinin, 20 patentin və
520-dən çox məqalənin müəllifidir. Moskva Dövlət Universitetinin
Analitik kimya kafedrasının əməkdaşları tərəfindən nəşr olunmuş 2
cildlik “Analitik kimyanın əsasları” və “Analitik kimyadan məsələ
və suallar” kitabları məhz akademik Rəfiqə Əliyevanın rəhbərliyi
ilə Azərbaycan dilinə tərcümə edilib.

Professor, mərhumun qızı Sevinc Hacıyeva çıxışında qeyd edib ki,
Akademik Rəfiqə Əliyeva yüksək mənəvi keyfiyyətlərin daşıyıcısı
kimi hər zaman insanlara yaxşılıqlar edib: “Xeyirxah, nəcib
əməllərin sahibi olub. Əsl Azərbaycan qadınına məxsus olan bu
xarakterik xüsusiyyətlər onu gəncliyindən ömrünün sonuna kimi
müşayiət edib. Bütün bu keyfiyyətlər ilk növbədə Rəfiqə xanımın
mənsub olduğu ailədən, soy-kökdən irəli gəlir. Anam haqqında
keçmişdəki xatirələri danışmaq çətindir. Həmkarları tərəfindən
böyük hörmət və nüfuz qazanmışdı. Anam hər zaman zəkaya inandığını
bildirirdi. Kimya elmi ilə bağlı istedadlı gəncləri hər zaman
ətrafına toplayırdı. Onun yetişdirdiyi insanlar bu gün ölkədə və
hüdudlarında peşə sahibidirlər. Gözəl, nəcib, düz qamətli və
xanım-xatın qadın idi. Hər zaman onun diqqəti və qayğısı ilə əhatə
olunmuşduq. O, çox tələbkar ana idi. Bugünkü həyatımızı da məhz ona
borcluyuq. Həyatın bütün mənəvi dəyərlərini bizə anamız öyrətmişdi.
Fəxr edirəm ki, anamın yolunu davam etdirirəm”.

Daha sonra türk dünyasının fəxri, dünya şöhrətli alim, Nobel
mükafatçısı Əziz Səncərin təbrik məktubu oxunub.

Digər çıxışçılar da öz növbəsində mərhum barədə fikirlərini
bölüşüblər.

Qeyd edək ki, konfransın təşkilində əsas məqsəd müasir kimyanın
fundamental və tətbiqi sahələri üzrə dünyanın müxtəlif universitet
və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən tədqiqatçıları
bir araya gətirmək, əldə edilmiş ən mühüm nəticələri müzakirə
etmək, yeni prioritet istiqamətləri müəyyənləşdirmək, bu sahədə
elmi nailiyyətləri və təcrübələri paylaşmaq, habelə, əldə edilən
nəticələrin təcrübədə tətbiqinin forma, metod və yollarını tapmaq
və gənclərin elmə olan marağını artırmaqdır.

Türkiyə, Pakistan, Almaniya, Ukrayna, Böyük Britaniya, Belçika,
Portuqaliya, Litva, Çin, Hindistan, Vyetnam, Polşa, Özbəkistan,
Rusiya, Qazaxıstan, Gürcüstan kimi xarici ölkələrdən, ölkəmizin bir
çox ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarından olan
tədqiqatçıların iştirakı ilə keçirilən konfransda analitik kimya,
ekoloji kimya və ətraf mühitin mühafizəsi, kimyanın tədrisi
metodikası, perspektivli materialların sintezi, fiziki kimya və
qeyri-üzvi materialşünaslıq kimi sahələr üzrə məruzələr dinlənilib,
müzakirələr aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir