BSU-da 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Sentyabrın 28-də Bakı Slavyan Universitetində (BSU) 27 sentyabr
– Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir
dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan ETLL-nin laboratoriya müdiri, dosent
Sadir Məmmədov Vətən müharibəsi zamanı Azərbaycan xalqının zəfər
məramına, milli kimlik mücadiləsinə, torpaq və vətən sevgisinə
şahidlik etdiyini qeyd edib. Azərbaycanın bir dövlət kimi
potensialını nümayiş etdirdiyi 44 günlük Vətən müharibəsinin bütöv
bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrildiyini
deyib.

BSU-nun rektoru Anar Nağıyev Müzəffər Ali Baş Komandan,
Prezident İlham Əliyevin rəhbərliyi altında və Şanlı Azərbaycan
Ordusunun sayəsində Vətən müharibəsində nail olduğumuz zəfərdən
sonra yaşadığımız şərəfli tarixdən söz açıb. Prezident İlham Əliyev
istər hərb meydanında, istər diplomatik sahədə, istərsə də
informasiya savaşında ən yüksək liderlik nümunəsini nümayiş
etdirib.

Azərbaycan Dövləti və xalqının Vətən müharibəsi ilə öz tarixinin
ən şərəfli səhifələrini yazdığını deyən rektor Anar Nağıyev Vətən
müharibəsində xüsusilə gənc nəslin göstərdiyi şücaətlərə diqqət
çəkərək, bu gənclərin içərisində BSU məzunlarının da olduğunu qeyd
edib. Vətən müharibəsinin şəhidləri olan BSU məzunları Kənan
Rüstəmli, Elnur Allahverdizadə və Nicat Şükürlünün timsalında bütün
şəhidlərin Azərbaycan gəncliyi üçün həm qürur yeri, həm də nümunə
olduğunu diqqətə çatdırıb.

Rektor müharibədən sonrakı dövrdə gənclərin üzərinə böyük
məsuliyyətin düşdüyündən söz açaraq, bu gün dirçələn, yeni inkişaf
layihələrinin tətbiq edildiyi Qarabağın yenidən bərpa olunması üçün
yüksək ixtisaslı kadrların hazırlanmasının əhəmiyyətindən danışıb.
O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il
2 dekabr tarixli müvafiq Sərəncamına diqqət çəkərək, Azərbaycanın
ərazi bütövlüyü uğrunda canından keçmiş insanların xatirələrinin
əbədiləşdirilməsi məqsədilə 27 sentyabr tarixinin hər birimiz üçün
böyük mənəvi anlam daşıdığını qeyd edib.

BSU kollektivinin bütün üzvlərinin ölkəmizin hər gün daha da
çiçəklənməsinə öz töhfəsini verəcəyinə inamını ifadə edib.

Sonra Diplomatiya və xarici siyasət kafedrasının müdiri, dosent
Əsgər Əhməd “II Qarabağ savaşında Qələbənin təmin olunmasının
başlıca səbəbləri”, Beynəlxalq münasibətlər kafedrasının müdiri,
professor Habil Məmmədov “Vətən müharibəsinin geosiyasi nəticələri”
mövzularında çıxış ediblər. Çıxışlarda Vətən müharibəsində Qələbəni
təmin edən əsas faktorlardan söz açılıb, müharibədən sonrakı dövrdə
beynəlxalq arenada yaranan geosiyasi reallıqların əhəmiyyətinə
toxunulub.

44 günlük Vətən Müharibəsi veteranı, “Vətən müharibəsi
iştirakçısı” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə
təltif olunmuş BSU-nun Tərcümə fakültəsinin tələbəsi İbrahim
Abdullayev döyüş xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

Humanitar və sosial elmlər fakültəsinin I tədris ili tələbəsi
Həsənova Fatimə çıxış edərək Vətən müharibəsinin başlanması, Şanlı
Zəfər tariximiz barəsində məlumat verib.

Tədbir Humanitar və sosial elmlər fakültəsinin II tədris ili
tələbəsi Nahid Arifoğlunun təqdimatında Vətən müharibəsinə həsr
olunmuş videoçarxın nümayişi ilə sona çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir