Neftçalada 4 yaşayış məntəqəsini birləşdirən yollar yenidən qurulur (FOTO/VİDEO)

Bakı. Trend:

Neftçala rayonunun Neftçala–Xol Qaraqaşlı–Şorsulu avtomobil
yolunun 7-ci km-dən ayrılan Həsənabad–Neftçala və Bankə–Beştalı
avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri
sürətlə davam etdirilir.

Agentlikdən Trend-ə verilən
məlumata görə, layihənin icrası ilə 38 min əhalinin yaşadığı 4
yaşayış məntəqəsi arasında gediş-gəlişi rahatlaşdıracaq, kənd
təsərrüfatı daha da inkişaf edəcək.

Uzunluğu 10 kilometr olan Həsənabad–Neftçala və Bankə–Beştalı
avtomobil yolları uzun müddət təmir olunmadan istifadə edildiyindən
və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu
səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac
yaranan yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolun eni
10 metrə qədər genişləndirilir, bura 6 metr hərəkət hissə və 2 metr
çiyinlər daxildir.

Yolun 8.5 km uzunluğa malik Həsənabad–Neftçala hissəsidə “İnşaat
Norma və Qaydaları”nın tələblərinə əsasən yolun torpaq əsaslı
ərazisində deformasiyaya uğramış hissələr və yararsız örtük
qazılaraq çıxarılıb, yolun normativ eninin alınması üçün
genişləndirmə və kipləşdirmə işləri görülüb.

Hazırda sözügedən hissədə yeni yol əsasının inşası və
asfaltlanma işləri aparılır. Artıq qeyd olunan hissənin 3.6 km-də
asfalt işləri, 1.9 km-də torpaq işləri və yol əsasının tikintisi, 3
km-də isə suötürücü boruların quraşdırılması yekunlaşıb. Yolun
yaşayış məntəqəsindən keçən hissəsində eni 1.5 metr, uzunluğu 900
metr olan piyada səkisinin inşası da sona çatıb.

Layihə çərçivəsində yolun 1.5 km-lik Bankə–Beştalı ərazisində
frezlənmə işləri yekunlaşıb. Layihə üzrə yolun bu hissəsində Kür
çayı üzərində yerləşən və uzunluğu 286 metr olan körpünün təmiri
davam etdirilir. Görülən işlərə paralel olaraq, yolboyu suların
ötürülməsi məqsədi ilə mövcud dəmir-beton boruların bərpası, zəruri
olan yerlərdə isə müxtəlif diametrli yeni suötürücü boruların
tikintisi işləri yerinə yetirilir.

Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol
nişanlarının, siqnal, işıq dirəklərinin və km göstəricilərinin,
dayanacaqların quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin,
həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılacaq.

Avtomobil yollarının yenidən qurulması yolboyu yaşayan minlərlə
vətəndaşın rahat gediş-gəlişini təmin etməklə sözügedən kəndlər
arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdırılacaq, əhalinin
sosial rifah halına müsbət təsir etmiş olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir