Fransa Senatının məlum sənədi təbii olaraq hər bir azərbaycanlıda hiddət və nifrət doğurur – Şahin İsmayılov

Bakı. Trend:

Fransa Senatının məlum sənədi qəbul etməsi təbii olaraq hər bir
azərbaycanlıda hiddət və nifrət doğurur. Azərbaycanlılar çox yaxşı
başa düşürlər ki, senatda qəbul olunan sənədin saxta, yalan və
riyakar olmasını əksər senatorlar da çox yaxşı bilirlər. Əminəm ki,
fransızların əksəriyyətinin də bu sənədlə bağlı nə xüsusi marağı,
nə də onun qəbul olunmasında xüsusi canfəşanlığı var. O zaman çox
sadə sual yaranır. Nə üçün fransızlar ermənilərdən daha çox erməni
olurlar? Onların bu sevgisi nə ilə bağlıdır? Burada məsələni iki
istiqamət üzrə təhlil etmək istərdim. Birinci istiqamət şəxsiyyət
çatışmazlığından əziyyət çəkən Fransa prezidenti Emanuel Makrondur.
Düşünürəm ki, Makron indiyə qədər olan Fransa prezidentlərindən ən
cılızıdır.

Gənclik illəri çox ağır travmalarla yadda qalan Emanuel
ailəsində ən kiçik olması ilə əlaqədarhər zaman kiçik olmaq
sindromunu yaşamışdır. Şansı qeyri-təbii yollarla gətirən və
prezident seçilən kiçik Emanuel artıq böyüyüb özünü göstərmək
istəyir. Əgər şəxsiyyətin daşıdığın vəzifəni tamamlamırsa demək sən
yenə kiçiksən. Emanuel hal-hazırda guya mühüm qlobal çağırışlar
etməklə beynəlxalq tədbirlərdə özünü səmimi və güclü göstərmək
istəsə də, onda sadəcə olaraq alınmır. Makron nə Baydenlə, nə
Ərdoğanla, nə Şolts, nə də digərləri ilə bərabərgüclü rəhbər deyil.
Onların yanında cılızdır, adidir və yenə də kiçikdir. Belə olan
halda ciddi həmkarları yanında cılız və adi görsənən Makrona özünü
göstərmək üçün meydan tələb olunur. Makron bu meydanı Cənubi
Qafqazda özündən də cılız olan Paşinyan və Ermənistanda tapıb.
Vətən müharibəsi və ondan sonrakı dövrdə hər hansı bir formada
Azərbaycana təsir etməyə və nələrəsə nail olmağa çalışan kiçik
Emanuel qarşısında böyük siyasi xadim və lider olan İlham Əliyevi
gördü. Məsələ onun üçün aydın idi. O, Prezident İlham Əliyev ilə
danışmaq gücündə və təcrübəsində deyil. Ona görə də Paşinyan və
Ermənistan Makron üçün öz balaca dünyasında oynamağa əla
imkandır.

İkinci istiqamət isə Fransanın öz qaranlıq tarixini unutdurmaq
istəyidir. Azərbaycanın ərazi bütövlüyünə qarşı qətnamə ilə özünü
Qərbdə humanist kimi göstərməyə çalışan rəsmi Paris müxtəlif
regionlarda olduğu kimi, Cənubi Qafqazda gedən siyasi proseslərə
qarışmağa çalışır. Bu ölkədən yer üzünə ancaq ziyan gəlib.
Fransanın keçmişinə nəzər salsaq, 50-dən artıq dövlətin ərazisini
işğal edib. İşğalçılıq siyasətini həyata keçirərkən vəhşiliklər,
müharibə cinayətləri törədilib. Müxtəlif xalqların nümayəndələrini
uzun illər əsarətdə saxlayarkən məhz mənsubiyyətinə görə yüz
minlərlə insanı kütləvi sürətdə qətlə yetirən silahlı qüvvələri
olan ölkə ədalətdən, humanizm dəyərlərindən danışa bilməz. Fransa
talançılıq, insanlıq əleyhinə olan cinayətlərin müəllifi olan
ölkədir. Bu ölkənin tarixin müxtəlif zamanlarında törətdiyi
əməlləri dünya ictimaiyyəti tərəfindən lənətlənməkdədir.

Fransanı gülünc vəziyyətə salan və riyakar olduğunu açıq şəkildə
göstərən daha 2 faktı vurğulaya bilərik: Birinci fakt odur ki, öz
paytaxtında saldığı “İnsan muzeyi”ndə müstəmləkə müharibələrində
öldürülən 18 000 döyüşçünün kəllə sümüklərini saxlayan ölkə
Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi üçün başladığı
haqq savaşındakı qalibiyyətini göstərən “Hərb Qənimətlər Parkı”na
öz kiçik dünyasında etiraz etmişdi. İkinci fakt da odur ki,
1830-1962-ci illəri əhatə edən Əlcəzair işğalı dövründə 1,5
milyondan artıq insanı qətlə yetirən, daha sonra bu ölkənin “1,5
milyon şəhid ölkəsi” adlandırılmasına maneçilik yaradan fransızlar
humanitar hüquqdan danışır. Fransanın əməllərində nə sülh, nə
humanist dəyərlər, nə də müsbət sayıla bilən hansısa faktor
var.

Makron nə qədər çalışsa da, böyük siyasətçi, Fransa da humanist
dövlət olmayacaq. Çünki, əməllər və tarix bununla ziddiyyət təşkil
edir.

Milli Məclisin deputatı, YAP İdarə heyətinin üzvü Şahin
İsmayılov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir