Fransa Senatının qətnaməsi onun müəlliflərinin tarix, hüquq dərslərinə böyük ehtiyacı olduğunu sübut edir – Vüqar Rəhimzadə

Bakı. Trend:

Qətnamə Azərbaycan üçün önəmli olmasa da Fransa özünün
çirkin niyyətlərini, sülh müqaviləsinin imzalanmasına əngəl
törətmək istəyini nümayiş etdirdi

İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra
Azərbaycanın regionda və dünyada mövqeyinin daha da möhkəmlənməsi
dövlət başçısı İlham Əliyevin təkcə son zamanlar xarici ölkələrə
davamlı səfərlərində, beynəlxalq təşkilatların müxtəlif mövzularda
təşkil etdikləri tədbirlərdə, Zirvə toplantılarında iştirakında və
çıxışında, eyni zamanda, bu tədbirlərə Fəxri qonaq qismində dəvət
olunmasında özünün aydın ifadəsini tapır. Bu, bir tərəfdən qalib
Azərbaycanın yaratdığı yeni reallıqların əksər dünya gücləri
tərəfindən dəstəklənməsindən, digər tərəfdən isə həqiqət anı kimi
dəyərləndirilən İkinci Qarabağ müharibəsində Azərbaycanın kimin
haqqın, ədalətin, kimin isə şərin və təcavüzkarın yanında olduğunu
görməsindən irəli gəlir. İstər işğal, istər İkinci Qarabağ
müharibəsi, istərsə də postmünaqişə dövründə Azərbaycan dövləti,
xalqı kiçik dövlətlərə “ədalət, hüquq” dərsi keçən Fransanın
reallıqda bu anlayışlardan xəbərsiz olduğunun, ermənipərəst siyasət
yürütməklə bu prinsipləri kobud şəkildə pozduğunun şahidi olsa da,
Fransa Prezidenti müxtəlif gedişlərlə diqqəti bu məsələlərdən
yayındırmağa cəhd göstərir.

Bunu əyani şəkildə görmək üçün son zamanlar Fransa Prezidenti
Emmanuel Makronun Ermənistanla Azərbaycan arasında münasibətlərin
tənzimlənməsinə zidd addımlarına diqqət yetirmək kifayətdir. Amma
o, bunu ört-basdır etmək üçün gah Praqada Azərbaycan Prezidentinin,
Avropa İttifaqı Şurası Prezidentinin və Ermənistanın baş nazirinin
birgə keçirilən görüşünə tərəf kimi qatılaraq görüşün formatını
dəyişir, gah dövlət başçısı İlham Əliyevə telefonla zəng edərək
noyabrın 19-da keçiriləcək Frankofoniya təşkilatının 18-ci Zirvə
Görüşü çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla
görüşəcəyi barədə məlumat verir, gah da Fransanın Ermənistanla
Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə
töhfə vermək niyyətini ifadə edir. Xalqımız Fransanın hər zaman
anti-Azərbaycan mövqeyində dayanmasının, həm də bu dövlətin tarixən
Asiya və Afrika ölkələrinə münasibətdə istismarçı, riyakar siyasət
yürütməsinin şahidi olub. Fransanın bir sıra ölkələrdə həyata
keçirdiyi soyqırımı siyasəti, İslam dövlətlərinə qarşı qərəzli
mövqeyi, müsəlmanlara münasibətdə dini və irqi ayrı-seçkiliyi hər
kəsə məlum həqiqətlərdir. Bu günlərdə dövlət başçısı İlham Əliyev
Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə
toplantısında çıxışı zamanı da diqqəti bir daha bu məsələyə
yönəldərək bildirdi ki, Fransanın Əlcəzair xalqına qarşı törətdiyi
zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır.
Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox
dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin
ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq gələcəkdə
belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni
etməliyik.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə
açıqlamasında bildirib.

Vüqar Rəhimzadə noyabrın 15-də Fransa Senatında qəbul edilmiş
“Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan
ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli
atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında
dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin
təşviq edilməsi” adlı qətnamədən bəhs edərək bildirib ki, bu sənəd
bir daha rəsmi Parisin Azərbaycana qarşı qərəzli mövqeyinə,
Ermənistana sevgisinə və bu münasibətin arxasında gizlənən
maraqlara işıq salır: “Qətnamə reallıqdan uzaqdır, Azərbaycan-
Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə xələl
gətirməyə yönəlib. Bu sənəd, həmçinin Fransanın növbəti dəfə
qərəzli və birtərəfli siyasi mövqeyini bariz şəkildə nümayiş
etdirir. Qətnamədə yer alan fikirlər müəlliflərin tarix, hüquq
dərslərinə böyük ehtiyacı olduğunu təsdiqləyir. Senatın adi kağız
parçasından fərqli olmayan bu sənədinin Azərbaycan üçün önəmli
olmasa da Fransa özünün çirkin niyyətlərini, ölkəmizə qarşı artıq
tam şəkildə açıq müstəviyə keçirdiyi qərəzli mövqeyini, hazırkı
mərhələdə bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin
olunması üçün sülh müqaviləsinin imzalanmasının bir tələb kimi
gündəmdə olduğu bir vaxtda prosesə əngəl törətmək istəyini nümayiş
etdirdi.”

“Fransa parlamentinin yuxarı palatasının qətnaməsində nədənsə
növbəti dəfə Azərbaycanın ərazilərinin 30 ilə yaxın bir müddətdə
Ermənistan tərəfindən işğalı, bir milyondan artıq soydaşımızın
qaçqın və köçkün vəziyyətində yaşaması, 30 ildə şəhərlərimizin və
kəndlərimizin tamamilə dağıdılaraq yerlə-yeksan edilməsi,
Ermənistanın Azərbaycanın tarixi torpaqlarında süni məskunlaşma
siyasəti həyata keçirdiyi “unudulub.” söyləyən YAP Xətai rayon
təşkilatının sədri vurğulayıb ki, belə sənədlər hazırlanarkən
araşdırmalar, tarixi faktlara müraciət əsas tələb kimi qarşıda
dayanmalıdır: “Amma Fransa kimi ermənipərəst siyasət yeridən bir
dövlətin Senatından bunu gözləmək sadəlövhlük olardı. Bu baxımdan
ki, Fransa heç bir araşdırma aparmadan qondarma “erməni
soyqırımı”nı tanıması, bunu tanımayanlara qarşı cəzanın tətbiqi ilə
bağlı layihəni Senatda müzakirəyə çıxarması bu dövlətin Azərbaycana
və Türkiyəyə, ümumilikdə türk dünyasına qərəzli mövqeyini aydın
şəkildə göstərir. Fransanın da iştirakı ilə hazırlanan və qəbul
edilən nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən BMT
Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə Qarabağ bölgəsinin
Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu öz əksini tapıb.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin qətnaməyə
münasibətində də bildirilir ki, Qarabağ bölgəsində yaşayan erməni
əsilli əhalinin hüquqları və təhlükəsizliyi Azərbaycanın daxili
məsələsidir və bunlar Azərbaycan Konstitusiyasına uyğun olaraq
təmin ediləcək. Senatın bu qətnaməsi Ermənistandakı revanşist
qüvvələri həvəsləndirməklə, bölgədə sülh, sabitlik və tərəqqiyə
xidmət etmir və qətnamənin adında qeyd olunan “dayanıqlı sülhün
təşviq edilməsindən” çox uzaqdır. Azərbaycanın Fransadakı səfiri
Leyla Abdullayeva isə qeyd edib ki, Fransa Senatının qətnaməsi
regionda sülh quruculuğu səylərinə zərər verir. Bu bölgədəki
reallıqdan uzaq qərəzli mövqedir, Azərbaycan və Ermənistan arasında
normallaşma prosesinə xidmət etmir.»
Vüqar Rəhimzadə bildirib ki, göründüyü kimi, bütün dünyanın gözü
qarşısında baş verən reallıqları, ən əsası tarixi faktları inkar
etməklə Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırmağa səy
göstərən Fransa kimi «ədalətdən, hüquqdan» bixəbər dövlət özünü
sülhyaratma prosesində necə görür? Fransa kimi beynəlxalq hüququ
maraqlarının arxasında əridən dövlətlərin dəstəyinə arxayın olmağın
nəticəsi idi ki, Ermənistanın baş naziri 44 günlük İkinci Qarabağ
müharibəsi dövründə geniş auditoriya qarşısında beynəlxalq hüququn
mövcudluğunu şübhə altına alaraq, jurnalistin bununla bağlı sualını
gülüşlə qarşılamışdı. 30 il beynəlxalq hüququ kobud şəkildə
pozduğuna, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra
etmədiyinə görə Ermənistana heç bir sanksiya tətbiq etməyən Fransa
kimi dövlətin Senatının Azərbaycandan Ermənistan ərazisindən dərhal
geri çəkilməyi tələb etməsi, ölkəmizi sanksiyalarla hədələməsi və
bunu qəbul etdiyi qətnamədə əks etdirməsi riyakarlıq deyilmi?
Fransa və Ermənistanı birləşdirən dəyərlər hər kəsə məlumdur.
Fransa erməni diasporunun güclü, erməni lobbisinin proseslərə təsir
imkanlarının geniş olduğu ölkədir. Hazırda Fransadakı erməni
diasporu Ermənistanla Azərbaycan arasında münasibətlərin
normallaşmasının, sülh müqaviləsinin imzalanmasının qarşısını almaq
üçün bütün alçaq və yaramaz üsullara əl atır. Fransa isə, öz
növbəsində erməni lobbisinə xoş gəlmək üçün hər vasitə ilə bu gün
Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması
prosesinə mane olmağa səy göstərir.
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, dövlətimizin
suveren hüququ idi ki, işğal altında olan torpaqlarını istənilən
yolla azad etsin: «Erməni silahlı birləşmələrinin bu
torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasının vacibliyi 28 il kağız
üzərində qalıb saralan BMT Təhlükəsizlik Şurasının qətnamələrində
öz əksini tapmışdır. Fransa Senatı qətnamə qəbul etmədən öncə bu
faktları nəzərə alsaydı daha yaxşı olardı. Azərbaycan zaman-zaman
Fransa Senatının ölkəmizə qarşı qərəzli qətnamə layihələrini
müzakirəyə çıxarılmasının şahidi olub. Tarixi Zəfərimizdən sonra
Fransa Prezidentinin Ermənistana “Dağlıq Qarabağ”ın müstəqilliyini
tanıyacağı ilə bağlı ümidlər verməsi də yaxın dövrün reallığıdır və
xalqımız bunları unutmayıb.”

Vüqar Rəhimzadə qeyd edib ki, bu günlərdə Fransa Prezidenti
Emmanuel Makronun dövlət başçısı İlham Əliyevə telefon zəngi zamanı
Azərbaycan Prezidenti fransalı həmkarına bir daha bu çağırışı etdi:
Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması
prosesində bitərəf, qərəzsiz və tarazlaşdırılmış yanaşmanın nümayiş
etdirilməsi vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir